Paşinyan Huker ilə görüşdə Trampın İrəvan və Bakı arasında sülhün qurulmasına töhfəsini yüksək qiymətləndirib
- 17 noyabr, 2025
- 15:27
Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin müavini Ellison Hukerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə Prezident Donald Trampın Azərbaycanla sülhün qurulmasına şəxsi töhfəsini yüksək qiymətləndirib.
"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
"Baş nazir 8 avqustda Vaşinqtonda keçirilmiş sülh sammiti çərçivəsində əldə olunmuş razılaşmaların əhəmiyyətini və onların planlaşdırılmış cədvələ uyğun həyata keçirilməsi işlərinin vacib olduğunu qeyd etdi. O, həmçinin ABŞ ilə ikitərəfli münasibətlərdə müxtəlif sahə və istiqamətləri əhatə edən zəngin gündəliyin mövcudluğunu vurğuladı", - məlumatda deyilir.
Paşinyan qeyd etdi ki, son vaxtlarda iki ölkə arasında əməkdaşlıq yeni səviyyəyə çıxıb.
ABŞ-ın dövlət katibinin müavini bildirdi ki, ticarət, investisiyalar, infrastruktur, regional əlaqələr və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsini müzakirə etmək üçün İrəvana gəlib. O, dövlət katibinin köməkçisinin müavini Sonata Koulter rəhbərliyi altında ikitərəfli işçi qruplarının işə başlamasını qeyd edib. Bu qrupların məqsədi tarixi sammitdə qəbul edilmiş ikitərəfli sazişlərin həyata keçirilməsi və Trampın beynəlxalq sülh və rifah kursunun irəlilədilməsidir.