Özbəkistanda yeni beynəlxalq hava limanının tikintisinə başlanılıb

Region
  • 15 oktyabr, 2025
  • 19:22
Özbəkistanda yeni beynəlxalq hava limanının tikintisinə başlanılıb

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənd vilayətində yeni beynəlxalq hava limanının layihəsi ilə tanış olub və bu irimiqyaslı kompleksin təməlqoyma mərasimində iştirak edib.

"Report" xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Urtaçirçik və Kuyiçirçik rayonlarında 1300 hektar ərazidə yerləşən yeni hava limanı "Vision Invest" (Səudiyyə Ərəbistanı), "Sojitz" (Yaponiya) və "Incheon" (Cənubi Koreya) beynəlxalq konsorsiumları tərəfindən birgə tikiləcək. Dəyəri 2,5 milyard dollar olan birinci mərhələyə ildə 20 milyon sərnişin və 129 min ton yükü qəbul edə bilən hava limanının və aerodromun tikintisi daxildir.

Kompleks Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına tam cavab verir, müasir aeronaviqasiya və meteoroloji sistemlərlə təchiz olunub və regionda ilk "yaşıl" hava limanı olacaq.

Yeni hava limanı magistral yollara və sürətli qatar stansiyasına birbaşa çıxışı olan multimodal nəqliyyat qovşağının bir hissəsi olacaq. Layihə minlərlə iş yeri yaradacaq və ölkəyə 27 milyard dollardan çox gəlir gətirəcək, turizm, sənaye və xidmətlərin inkişafına kömək edəcək.

Şavkat Mirziyoyev hava limanının təməlinə kapsul buraxaraq Özbəkistanın yeni nəqliyyat və iqtisadi mərkəzinin tikintisinə rəsmən start verib.

Son xəbərlər

Bütün Xəbər Lenti