Özbəkistan ŞƏT-də əməkdaşlığın genişləndirilməsi üçün yeni təşəbbüslər irəli sürüb

Region
  • 01 sentyabr, 2025
  • 12:39
Özbəkistan ŞƏT-də əməkdaşlığın genişləndirilməsi üçün yeni təşəbbüslər irəli sürüb

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) iqtisadi əməkdaşlığın və nəqliyyat inteqrasiyasının dərinləşdirilməsi məqsədilə yeni təşəbbüslər irəli sürüb.

"Report" Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, o, bu barədə ŞƏT-ə üzv ölkələrin Dövlət Başçıları Şurasının iclasında bildirib.

"Dünya iqtisadiyyatında mövcud tendensiyalar fonunda ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsinə böyük önəm veririk. Biz geniş regionumuzda iqtisadi əməkdaşlığın dayanıqlı modelinin formalaşdırılmasının tərəfdarıyıq", - o qeyd edib.

Ş.Mirziyoyev ticarət prosedurlarının sadələşdirilməsi haqqında sazişin imzalanmasının, etibarlı istehsal və logistika zəncirlərinin inkişafının və qarşılıqlı investisiyaların stimullaşdırılmasının vacibliyini vurğulayıb. O, təşəbbüslər arasında ŞƏT-in Kritik Materiallar üzrə Regional Mərkəzinin, "yaşıl enerji"nin sürətli inkişafı üçün Enerji Konsorsiumunun yaradılmasını, eləcə də investisiyaların təşviqi üçün elektron portalın istifadəyə verilməsini xüsusi qeyd edib.

Prezident nəqliyyat inteqrasiyasına xüsusi diqqət yetirib: "Şimal-Cənub və Şərq-Qərb xətləri üzrə nəqliyyat-tranzit potensialının üzə çıxarılması ölkələrimizin ümumi maraqlarına cavab verir. Mərkəzi Asiya vasitəsilə Fars körfəzi və Hind okeanı limanlarına çıxışı olan dəhlizlərin inkişafı aktuallıq qazanır".

Ş.Mirziyoyev həmçinin Çinin "yaşıl sənaye" sahəsində əməkdaşlıq təşəbbüsünü dəstəkləyərək "yaşıl transformasiya"nın prioritet olduğunu vurğulayıb.

"İqlim dəyişikliyinə adaptasiya, dekarbonizasiya və ekoloji risklərin proqnozlaşdırılması üçün süni intellekt texnologiyalarının tətbiqi məsələləri üzrə regional platforma işə salınmalıdır", - Özbəkistan Prezidenti əlavə edib.