Nazir: Ermənistan İrandan mayeləşdirilmiş qaz tədarükündə maraqlıdır

Region
  • 11 sentyabr, 2025
  • 11:53
Nazir: Ermənistan İrandan mayeləşdirilmiş qaz tədarükündə maraqlıdır

Ermənistan İrandan keyfiyyətli və qiymətcə əlverişli mayeləşdirilmiş qaz tədarükündə maraqlıdır.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan İranın neft nazirinin müavini Məhəmməd Sadeq Azimifar ilə görüşü zamanı bildirib.

"Mayeləşdirilmiş qaz uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıq üçün əsas ola bilər. Eyni zamanda ölkənin enerji təhlükəsizliyini gücləndirə bilər", - G.Papoyan qeyd edib.

Görüşdə tərəflər həmçinin gələcək əməkdaşlıq perspektivlərini, o cümlədən neft və neft məhsulları ticarətinin genişləndirilməsi, mayeləşdirilmiş və təbii qaz təchizatı infrastrukturunun inkişafı, enerji sahəsinə birgə investisiyalar, regional nəqliyyat-logistika qovşaqlarından səmərəli istifadə məsələlərini müzakirə ediblər.

Paralel olaraq, Ermənistan və İran Xarici İşlər nazirlikləri 13-cü konsulluq məsləhətləşmələrini keçirib. Eyni zamanda, iki ölkənin vətəndaşlarının və hüquqi şəxslərinin hüquqlarının qorunmasına yönəlmiş memorandum imzalayıblar. Ermənistan XİN-in baş katibi David Karapetyan və İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadənin başçılıq etdikləri nümayəndə heyətləri məhkəmə-hüquq, ticari-iqtisadi və elm-təhsil sahələrində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini qeyd ediblər.