Mirzoyan: Moskva və Tehran ABŞ-nin TRIPP-də iştirakı ilə bağlı narahatlıq ifadə etməyib
- 05 noyabr, 2025
- 11:18
Moskva və Tehran TRIPP layihəsi (Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçməli olan 42 kilometrlik hissəsi - red.) çərçivəsində amerikalıların regionda mövcudluğu ilə bağlı narahatlıq bildirməyib, əksinə, onlar layihədə maraqlıdır, üstəlik, Rusiya Ermənistanda başqa bir şirkətin - Cənubi Qafqaz Dəmir Yollarının operatorudur.
"Report"un Ermənistan mediasına istinadən verdiyi məlumata görə, bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan "Sülh haqqında kviz: Ermənistanın xarici işlər naziri ilə söhbət" adlı konfransda deyib.
Ermənistanda ABŞ-nin iştirakı ilə şirkətlər, eləcə də xarici kapitala (Argentina, Çin və s.) malik çoxsaylı şirkətlər fəaliyyət göstərir.
A.Mirzoyan qeyd edib ki, layihə böyük siyasi diqqət cəlb edir, "bunun su ehtiyatlarının və ya hava limanının idarə edilməsi ilə müqayisə edilə biləcəyini demək istəmirəm, onun siyasi əhəmiyyəti var və sülhün təminatçılarından və alətlərindən biridir".
Onun sözlərinə görə, hazırda ABŞ tərəfi ilə danışıqlar aparılır. "Fikrimcə, bu, gündəlik menecmentlə məşğul olacaq Ermənistan-ABŞ şirkəti olmalıdır. Bu, infrastruktur üzərində ABŞ nəzarəti demək deyil. Suverenlik və səlahiyyətlərlə bağlı bütün məsələlər həll edilib və imzalanaraq dərc edilmiş sənədlərdə əks olunub. Söhbət yalnız menecmentdən gedir", - nazir vurğulayıb.