Lukaşenko: Belarus Litva ilə sərhədi açmağa hazırdır
- 10 noyabr, 2025
- 13:56
Belarus Litva ilə sərhədi açmağa hazırdır və onu bağlamayıb.
"Report"un BELTA-ya istinadən verdiyi məlumata görə, bunu ölkə Prezidenti Aleksandr Lukaşenko Minskdə keçirdiyi müşavirədə bildirib.
"Bəyan etmək istəyirəm ki, biz sərhədin açılmasına çoxdan hazırıq. Biz onu bağlamamışıq. Bir neçə saat ərzində bizim tərəfimizdən o, öz işini bərpa edə bilər. Sərhədçilər buna tamamilə hazırdırlar", - o bildirib.
Daha əvvəl Litvanın Baş naziri İnqa Ruqinene Belarusla sərhədin bir ay müddətinə bağlandığını bəyan etmişdi. O, vətəndaşların təhlükəsizliyinin hökumətin prioriteti olduğunu vurğulamışdı. Onun sözlərinə görə, müəyyən təhdidlərin olduğu sərhəd bağlanmalıdır.
Noyabrın əvvəlində Belarus Nazirlər Kabineti Avropada qeydiyyatda olan yük maşınlarının Belarus ərazisindən hərəkətinin 2027-ci ilin sonunadək məhdudlaşdırılacağını bildirmişdi.