Kobaxidze: Avropa bürokratiyası ikili standartlar tətbiq edir və Gürcüstanın inkişafına mane olur
- 10 dekabr, 2025
- 14:23
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, Avropa bürokratiyası ölkə ilə bağlı münasibətində ikili standartlar nümayiş etdirir və Gürcüstanın daxili proseslərinə əsassız müdaxilə edir.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, o bu fikirləri bu gün keçirilən brifinqdə səsləndirib.
Baş nazirin sözlərinə görə, Avropa qurumları özlərinə aid məsələlərdə müdaxiləni xoşlamasalar da, Gürcüstanın daxili işlərinə fəal şəkildə qarışır və bununla da ölkənin inkişafına mane olmağa cəhd göstərirlər.
"Biz Avropa bürokratiyasının fəaliyyətində açıq şəkildə ikili standartlar görürük. Onlar öz işlərinə qarışılmasını istəmirlər, lakin Gürcüstanın işlərinə çox aktiv şəkildə müdaxilə edir və hətta ölkənin inkişaf prosesinə mane olmağa çalışırlar. Bu, çox üzücü tendensiyadır", – Kobaxidze deyib.
Hökumət başçısı bu vəziyyətin Avropa bürokratiyasının daxilində yaranmış problemlərin göstəricisi olduğunu bildirib:
"Bu yanaşma mütləq dəyişməlidir. Konkret bu hadisə onların mövqeyinə təsir edəcəkmi – bilmirəm. Amma ümid edirik ki, ümumilikdə Avropa bürokratiyasında proseslər yaxşılığa doğru dəyişəcək. Əks halda, bu insanlar öz qurumlarının maraqlarına özləri xələl gətirirlər. İkili standartlar Avropa İttifaqının nüfuzuna, insan hüquqları və iqtisadi inkişafla bağlı tendensiyalara mənfi təsir göstərir".