Kobaxidze ABŞ Konqresində gündəmə gətirilən "Dostluq aktı"nı sərt tənqid edib

Region
  • 11 sentyabr, 2025
  • 12:35
Kobaxidze ABŞ Konqresində gündəmə gətirilən Dostluq aktını sərt tənqid edib
İrakli Kobaxidze

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ Konqresində gündəmə gətirilən "Dostluq aktı"nı sərt tənqid edib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, Baş nazirin sözlərinə görə, sənəd Gürcüstan xalqına və dövlətin milli maraqlarına qarşı düşmənçilik addımı olub.

"Dostluq aktı" əslində gürcü xalqına, dövlətimizə və milli maraqlarımıza qarşı düşmənçilik aktı idi. Xoşbəxtlikdən, göründüyü kimi, sonda uğursuzluğa düçar oldu, bu, çox yaxşıdır", – Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.

Baş nazir əlavə edib ki, Gürcüstan hökumətinin məqsədi ABŞ ilə münasibətləri yeni mərhələyə çıxarmaqdır.

Qeyd edək ki, Demokrat konqresmen Stiv Koen Helsinki Komissiyasında çıxışı zamanı bildirib: "Təəssüf ki, Senat "Dostluq Aktı"nı qəbul etmədi və qəbul etməyəcək. Bəzi problemlər var idi və bu, limanla bağlı olan xüsusi böyük biznes maraqları ilə əlaqədar ola bilər. Bir nəfərin etirazı aktı blokladı".

Gürcüstanın Baş naziri, həmçinin bəzi gürcü siyasətçilərin ölkənin milli maraqlarına qarşı çıxmasını "faciəvi hadisə" adlandırıb.

"Biz dünən Vaşinqtonda müasir Serqo Orconikidzeləri (XX əsrin əvvəllərində gürcü siyasi-ictimai xadimi, inqilabçı- red.) gördük. Təəssüf ki, gürcü üzünü itirəndə və birbaşa dövlətinin milli maraqlarına qarşı çıxanda bu, faciəli hadisə olur. Amma bu, onların şəxsi faciəsidir", – Kobaxidze deyib.

Baş nazir həmçinin bildirib ki, ABŞ konqresmeni Co Uilson "dərin dövlətin agenti və eyni zamanda maliyyələşən lobbiçidir". Onun sözlərinə görə, Gürcüstanın sabiq prezidenti Salome Zurabişvili və sabiq müdafiə naziri Tinatin Xidaşeli də bu qrupun bir hissəsidir.

Xatırladaq ki, sentyabrın 10-da Helsinki Komissiyasında "Tərəfdaşlıqdan problemə: Gürcüstanın antiamerikan meyilləri" adlı dinləmələr keçirilib. Dinləmələrdə Salome Zurabişvili, Tinatin Xidaşeli və Hudson İnstitutunun Avropa və Avrasiya Mərkəzinin baş tədqiqatçısı Luk Koffi şahid qismində çıxış ediblər. İclasda ABŞ-nin Gürcüstandakı keçmiş səfiri Kelli Deqnan da iştirak edib.