Kallas: Aİ Azərbaycanla sülh prosesinin dəstəklənməsi üçün Ermənistana 15 milyon avro ayırır

Region
  • 02 dekabr, 2025
  • 15:17
Kallas: Aİ Azərbaycanla sülh prosesinin dəstəklənməsi üçün Ermənistana 15 milyon avro ayırır
Kaya Kallas

Avropa İttifaqı (Aİ) Azərbaycanla sülh prosesi çərçivəsində Ermənistana 15 milyon avro ayırır.

"Report"un Avropa bürosunun məlumatına görə, bunu Avropa diplomatiyasının başçısı Kaya Kallas Brüsseldə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə bəyanatla çıxışı zamanı bildirib.

"Ermənistanla Azərbaycan arasında avqust ayında əldə edilmiş razılaşmaların paraflanması əsl irəliləyiş oldu və ölkələriniz arasında uzun illər davam edən münaqişəyə son qoydu. Avropa İttifaqı sizə tam dəstək göstərir. Bu, tərəqqi üçün bir fürsətdir və Aİ sizin yanınızda olmaq üçün əlindən gələni edəcək. Bu gün mən sülhün qorunması və Ermənistanın dayanıqlılığının artırılması üçün 15 milyon avronun ayrılmasını elan etməkdən məmnunam. Bu, minatəmizləmə, təlim və avadanlıq tədarükü, eləcə də regionda etimadın möhkəmləndirilməsi tədbirləri də daxil olmaqla, bir sıra təşəbbüslərin maliyyələşdirilməsinə imkan verəcək", - K.Kallas deyib.

O, həmçinin xəbərdarlıq edib ki, gələn il keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca Ermənistan qonşu ölkələr tərəfindən güclü dezinformasiya və müdaxilə kampaniyaları ilə üzləşə bilər. "Avropa İttifaqının vəsaiti xarici müdaxilənin aşkarlanması, təhlili və operativ şəkildə reaksiya verilməsinə də yönəldiləcək", - Avropa diplomatiyasının rəhbəri vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti