İrəvanda 2026-cı ilin yazında Ermənistan-Aİ birinci sammiti keçiriləcək
- 02 dekabr, 2025
- 15:16
Ermənistan-Avropa İttifaqı (Aİ) birinci sammiti 2026-cı il mayın 5-də İrəvanda keçiriləcək.
"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Avropa diplomatiyasının rəhbəri Kaya Kallasla birgə mətbuat konfransında bildirib.
O qeyd edib ki, sammit "Avropa Siyasi Birliyi"nin 8-ci sammitinin başa çatmasından sonra keçiriləcək.
A.Mirzoyan, həmçinin vurğulayıb ki, Ermənistan və Aİ bu gün yeni strateji gündəlik imzalayıb: "Ermənistan və Avropa İttifaqı arasında Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi"ni tamamlayan və gündəliyimizi strateji səviyyəyə çıxaran yeni Ermənistan – Aİ Strateji Gündəliyini təsdiq etdik. Ermənistan–Aİ birinci sammiti 2026-cı il mayın 5-də İrəvanda keçiriləcək "Avropa Siyasi Birliyi"nin 8-ci sammitindən dərhal sonra baş tutacaq".
XİN rəhbəri vurğulayıb ki, avropalı tərəfdaşları ilə TRIPP ("Tramp Marşrutu") layihəsinin reallaşdırılmasını müzakirə edib: "Qeyd etmək istəyirəm ki, Vaşinqtonda avqustun 8-də keçirilən sammitdə əldə edilən razılaşmalar misilsiz imkanlar və ciddi impuls yaradıb".
A.Mirzoyan əlavə edib ki, növbəti addım Ermənistan-Türkiyə sərhədinin açılması və infrastruktur layihələrinin irəlilədilməsi olacaq: "Bu, bütün regionun iqtisadi və siyasi arxitekturasını ciddi şəkildə dəyişə bilər".