İrəvan və Bağdad arasında birbaşa reyslər açıla bilər
- 23 sentyabr, 2025
- 16:49

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Nyu-Yorka işgüzar səfəri zamanı iraqlı həmkarı Abdul Lətif Camal Rəşidlə İrəvan və Bağdad arasında birbaşa hava əlaqəsinin açılması imkanını müzakirə edib.
"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, görüşdə iki ölkənin paytaxtları arasında birbaşa reyslərin açılmasının siyasi, iqtisadi və turizm əlaqələrinin möhkəmləndirilməsində mühüm amil olacağı qeyd edilib.
Tərəflər həmçinin Ermənistan və İraq arasında ikitərəfli gündəlikdə yer alan bir sıra məsələləri müzakirə ediblər. Ermənistan-İraq münasibətlərinin dinamik inkişafı və qarşılıqlı maraq əsasında praktiki əməkdaşlıq və siyasi dialoqun dərinləşdirilməsinin zəruriliyi vurğulanıb.
Bundan başqa, prezidentlər regional məsələləri müzakirə edib, xüsusilə, avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasından sonra Cənubi Qafqazda möhkəm və sabit sülhün bərqərar olması istiqamətində həyata keçirilən işlərin əhəmiyyəti vurğulanıb.