İranın Lavan və Sirri adalarında bir neçə partlayış baş verib - YENİLƏNİB-2
- 08 aprel, 2026
- 14:22
İranın Lavan adasında yerləşən neft emalı zavoduna endirilən zərbələr nəticəsində xəsarət alan yoxdur.
"Report" xəbər verir ki, bu barədə İran mətbuatı ölkənin Milli Neft Şirkətinə (NIOC) istinadən məlumat yayıb.
"Bu gün səhər saat 10 radələrində Lavan adasındakı "Lavan" neft emalı zavodunun obyektləri hücuma məruz qalıb. Xoşbəxtlikdən, işçi heyətinin vaxtında təxliyə edilməsi sayəsində hazırda itkilər barədə məlumat yoxdur. Təhlükəsizlik xidmətləri və yanğınsöndürən briqadalar hazırda yanğının lokallaşdırılması və söndürülməsi, eləcə də obyektin təhlükəsizliyinin təmin edilməsi ilə məşğuldur", - şirkətdən bildiriblər.
NIOC-un məlumatında qeyd olunur ki, ölkədə yanacaq təchizatı və paylanması sistemi sabit işləyir.
"Bununla belə, həmvətənlərimizdən bu sahədə çalışan işçiləri dəstəkləməyi, yanacaqdan səmərəli istifadə etməyi, lüzumsuz səfərlərdən çəkinərək ictimai nəqliyyatdan istifadə etməyi xahiş edirik", - məlumatda deyilir.
İranın Sirri adasında bir neçə partlayış baş verib.
"Report" xəbər verir ki, bu barədə "Mehr" agentliyi mənbəyə istinadən məlumat verib.
Digər təfərrüatlar açıqlanmır.
İranın Lavan adasında yerləşən neft emalı zavodunda (NEZ) bir neçə partlayış baş verib.
"Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, partlayışların səbəbi hələlik məlum deyil.