İran parlamentinin komissiya üzvü: Zərurət yaranacağı təqdirdə nüvə silahı yaradacağıq
- 20 sentyabr, 2025
- 11:25
İran zərurət yaranacağı təqdirdə nüvə silahı yaradacaq.
"Report" Sepahın teleqram kanalına istinadən xəbər verir ki, bunu İran parlamentinin daxili işlər komissiyasının üzvü Kamran Qoznafari bildirib.
Onun sözlərinə görə, İran Nüvə Silahının Yayılmaması qaydaları çərçivəsində uranı 90 faizədək zənginləşdirə bilər:
"Bizə qarşı nüvə silahı istifadə edildiyi təqdirdə qısa müddətdə öz silahımızı yaratmaq, cavab zərbəsi endirə bilmək üçün urana sahib olmalıyıq".
Komissiya üzvü deyib ki, İran atom silahı istehsal etməyib, ancaq onu yaratmaq imkanına malikdir və bu qabiliyyətini qorumağa borcludur.
Qeyd edək ki, sentyabrın 19-da BMT Təhlükəsizlik Şurasında İrana qarşı sanksiyaların yenidən tətbiqinə dair qətnamə qəbul olunub. ABŞ daxil olmaqla altı ölkə sənədin lehinə, Çin, Rusiya və Pakistan isə əleyhinə səs verib.
İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi yerli telekanallardan birinə müsahibəsində söyləyib ki, İran AEBA (Atom Enerjisi üzrə Beynəlxalq Agentlik) ilə Misirin paytaxtı Qahirədə əldə etdiyi razılaşmanı BMT sanksiyaları qüvvəyə minəndən sonra etibarsız sayacaq.
BMT Təhlükəsizlk Şurasının qəbul etdiyi qətnamə isə sentyabrın 27-dən sonra qüvvəyə minə bilər. Bu hadisənin baş verməməsi üçün İslam Respublikası Avropa "üçlüyü"nün (Böyük Britaniya, Almaniya, Fransa) irəli sürdüyü üç şərti (ABŞ ilə danışıqlara başlamaq, nüvə fəaliyyətini dayandırmaq, zənginləşdirdiyi uranın saxlanıldığı yer barədə məlumat vermək) qəbul etməlidir.