İran Avstraliya səfirini ölkədən çıxarıb
- 04 sentyabr, 2025
- 16:03

İran cavab tədbiri olaraq Avstraliyanın Tehrandakı səfirini ölkədən çıxarmaq qərarına gəlib.
"Report" "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqai bildirib.
"Diplomatik hüquqa uyğun olaraq, Avstraliyanın addımlarına cavab olaraq, İran İslam Respublikası da Avstraliyanın İrandakı diplomatik təmsilçiliyinin səviyyəsini aşağı salıb. Avstraliyanın səfiri ölkəni tərk edib", - "Tasnim" agentliyi onun sözlərini sitat gətirib.
Qeyd edək ki, Avstraliya avqustun 26-da Tehranı antisemitizmi dəstəkləməkdə ittiham edərək İran səfirini ölkədən çıxarıb.
Daha əvvəl Avstraliyanın Baş naziri Entoni Albanez bildirib ki, ölkənin milli xüsusi xidmət orqanları İranın Sidneydəki restorana və Melburndakı sinaqoqa hücumla əlaqəsini müəyyən edib.
Onun sözlərinə görə, toplanmış məlumatlar Tehranın ölkədə azı iki antisemit hücumu koordinasiya etdiyini təsdiqləyir. Bununla əlaqədar hökumət İran diplomatının ölkədən çıxarılması barədə qərar qəbul edib.