İlin sonuna qədər ABŞ-Ukrayna investisiya fonduna 200 milyon dollar qoyula bilər
- 17 sentyabr, 2025
- 17:37

ABŞ-Ukrayna investisiya fonduna yaxın vaxtlarda ABŞ və Ukraynadan ilk ödənişlər hər birindən 75 milyon dollar olmaqla, ümumilikdə 150 milyon dollar daxil olacaq.
"Report"un Ukrayna KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin iqtisadiyyat naziri Aleksey Sobolev jurnalistlərə bildirib.
O qeyd edib ki, ilin sonuna qədər fondun kapitalı arta bilər: "İlin sonuna qədər fondda 200 milyon dollar vəsaitin olacağını gözləyirik".
Nazir, həmçinin qeyd edib ki, Ukraynanın 2026-cı il üçün dövlət büdcəsində fondun büdcəsinin artırılması üçün təxminən 1,9 milyard qrivna (təxminən 46 milyon dollar) məbləğində vəsait nəzərdə tutulub.
Noyabrın sonuna qədər investisiya protokollarının razılaşdırılması planlaşdırılır ki, bu da fonda birbaşa investisiya fəaliyyətinə başlamağa imkan verəcək.