Gürcüstanın xarici ticarət dövriyyəsi 8,8 faiz artıb
- 19 sentyabr, 2025
- 11:39

Gürcüstanın Milli Statistika Xidməti (Geostat) 2025-ci ilin yanvar–avqust ayları üzrə xarici ticarət göstəricilərini açıqlayıb.
"Report"un Gürcüstan bürosu quruma istinadən xəbər verir ki, hesabat dövründə ölkənin mallarla xarici ticarət dövriyyəsi (bəyan olunmamış ticarət istisna olmaqla) 16,25 milyard ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz çoxdur.
Hesabat dövründə ixrac 4,45 milyard dollar olub və 6,7 faiz artıb. İdxal isə 11,8 milyard dollar təşkil edib ki, bu da 9,7 faiz çoxdur.
Bununla da Gürcüstanın mənfi ticarət saldosu 7,35 milyard dollar təşkil edib ki, bu da ümumi ticarət dövriyyəsinin 45,3 faizinə bərabərdir.
Geostatın məlumatına görə, yanvar–avqust aylarında ölkənin xarici ticarət dövriyyəsində ilk on ticarət tərəfdaşının payı 68,7 faiz olub. Gürcüstanın ən böyük ticarət tərəfdaşları isə Türkiyə (1,99 milyard dollar), ABŞ (1,86 milyard dollar) və Rusiyadır (1,71 milyard dollar).