Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı regiona qubernator təyin edilib

Region
  • 29 oktyabr, 2025
  • 13:40
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı regiona qubernator təyin edilib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlya Calaqaniyanı azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli regionunun dövlət nümayəndəsi (qubernator) təyin edib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hökumət başçısı Calaqaniyaya yeni vəzifəsində uğurlar arzulayıb və regionda davam edən, eləcə də planlaşdırılan layihələrin səmərəli icrasında onun rolunun vacibliyini vurğulayıb.

İ.Kobaxidze qeyd edib ki, layihələrin keyfiyyətli və vaxtında həyata keçirilməsi ilə yanaşı, yerli əhalinin ehtiyaclarına və mövcud çağırışlara operativ reaksiya vermək əsas prioritetlərdən biridir.

Yeni təyinatla bağlı keçirilən iclasda Baş nazir, həmçinin bildirib ki, Kvemo Kartli regionunun inkişaf məsələləri Gürcüstanın regional inkişaf və infrastruktur naziri Kaxa Gülədani tərəfindən xüsusi diqqətdə saxlanılacaq.

İlya Calaqaniya ixtisasca hüquqşünasdır. O, bundan əvvəl Kvemo Kartli üzrə dövlət nümayəndəsinin birinci müavini vəzifəsində çalışıb. Calaqaniyanın dövlət idarəçiliyi və hüquq-mühafizə orqanlarında uzun illər iş təcrübəsi var. O, müxtəlif bölgələrdə rayon prokuroru vəzifəsində çalışıb və hüquq-istintaq sahəsində peşəkar təcrübəyə malikdir.

Son xəbərlər

Bütün Xəbər Lenti