Gürcüstan Prezidenti Trampa strateji tərəfdaşlığı bərpa etmək çağırışı ilə müraciət edib
- 01 sentyabr, 2025
- 11:54

Gürcüstan Prezidenti Mixail Kavelaşvili amerikalı həmkarı Donald Trampa açıq məktub göndərib.
"Report" Gürcüstan KİV-nə istinadən xəbər verir ki, o, iki ölkə arasında strateji tərəfdaşlığın bərpasına ümid etdiyini bildirib.
Məktubda M.Kavelaşvili ABŞ-nin keçmiş prezidenti Cozef Bayden administrasiyasını "bir sıra suveren dövlətlərə qarşı ədalətsiz və təcavüzkar siyasət çərçivəsində" Tbilisi ilə əməkdaşlığı dayandırmaqda ittiham edib.
O qeyd edib ki, Gürcüstan və ABŞ-nin dəyər istiqamətlərinin üst-üstə düşməsinə baxmayaraq, Vaşinqtondakı yeni administrasiya hələ də Tbilisiyə lazımi diqqət ayırmır.
Gürcüstan lideri əlavə edib ki, Prezident D.Tramp Azərbaycan və Ermənistan arasında sülh nizamlanmasında fəal iştirak edir, Türkiyə ilə əməkdaşlıq edir və hətta Rusiya Prezidenti Vladimir Putinlə dialoqu bərpa edib, "lakin təəssüf ki, Gürcüstanı bir dəfə də olsun xatırlamayıb".
M.Kavelaşvili Vaşinqtonun Tbilisiyə münasibətinin dəyişəcəyinə ümid etdiyini bildirib.