Erməni sürücülərin Rusiya ərazisində qalma müddəti 180 günə qədər uzadıla bilər

Region
  • 21 oktyabr, 2025
  • 13:40
Erməni sürücülərin Rusiya ərazisində qalma müddəti 180 günə qədər uzadıla bilər

Rusiya erməni sürücülərin ölkə ərazisində qalma müddətini 90 gündən 180 günə qədər uzada bilər.

"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin iqtisadiyyat naziri Gevork Papoyan parlamentin iclasında Ermənistandan Gürcüstana gedən bütün üç yolu (Bavra, Baqrataşen və Qoqavan sərhəd-keçid məntəqələrində) bağlayan yük maşını sürücülərinin etiraz aksiyalarını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi ilə danışıqlar 90 günlük məhdudiyyət (bu, Avrasiya İqtisadi İttifaqının bütün ölkələrindən olan sürücülərə şamil edilir) tətbiq edildikdən dərhal sonra başlayıb. Ermənistan tərəfi bu müddətin yetərsiz olması ilə bağlı narahatlığını bildirib, çünki Gürcüstan-Rusiya sərhədindəki (Yuxarı Lars sərhəd-keçid məntəqəsində) növbələr səbəbindən sürücülər bir neçə gün gözləməli ola bilərlər, bundan sonra onlar yükü çatdırmalı və geri qayıtmalıdırlar. Ermənistan tərəfi ölkə ərazisində qalma müddətinin 90 gündən 180 günə dəyişdirilməsi ilə bağlı rəsmi müraciət edib.

Nazir qeyd edib ki, bu məsələ oktyabrın 24-də Avrasiya İqtisadi Komissiyasının iclasında müzakirə ediləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti