Ərdoğan Maduroya ABŞ ilə Venesuela arasında dialoq kanallarının açıq tutulmalı olduğunu bildirib
- 06 dekabr, 2025
- 21:54
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla venesuelalı həmkarı Nikolas Maduro arasında telefon danışığı baş tutub.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, telefon danışığı zamanı iki ölkə arasındakı münasibətlər və regional məsələlər müzakirə olunub.
Ərdoğan Maduroya son prosesləri yaxından izlədiyini, Türkiyənin problemləri dialoq yolu ilə həll etməkdən yana olduğunu bildirib.
ABŞ ilə Venesuela arasında dialoq kanallarının açıq tutulmalı olduğunu qeyd edən Türkiyə Prezidenti gərginliyin tez zamanda aradan qaldırılacağına ümid etdiyini vurğulayıb.
Qeyd edək ki, ABŞ ilə Venesuela arasındakı gərginlik Donald Tramp Administrasiyası dönəmində pik həddə çatıb. ABŞ bir neçə dəfə Karib hövzəsində venesuelalı narkokartellərə aid olduğu iddia edilən gəmilərə zərbələr endirib. Mətbuatda hətta ABŞ-nin Venesuelada çevriliş planı hazırladığı barədə məlumatlar dərc olunub. Gərginlik fonunda iki ölkə lideri arasında telefon danışığı baş tutub. Maduro söhbətin hörmətli və səmimi tonda keçdiyini, bunun ölkələr arasında dialoqa töhfə verdiyini vurğulayıb.