Aİ Ermənistana 500 milyon avro ayıracaq

Region
  • 02 dekabr, 2025
  • 12:22
Aİ Ermənistana 500 milyon avro ayıracaq

Avropa İttifaqı (Aİ) Ermənistanın enerji təhlükəsizliyinin gücləndirilməsi və şaxələndirilməsinə 500 milyon avro investisiya qoyacaq.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Aİ-nin genişlənmə üzrə ali komissarı Marta Kos bildirib.

"Bu, sizin enerji sisteminizi Gürcüstanın enerji sistemi ilə birləşdirmək üçün 500 milyon avro məbləğində investisiyadır və biz sizin Rusiya enerjisindən asılılığınızı azaltmaq üçün Ermənistan-Türkiyə enerji sistemi üzərində işləyirik. Bzim Moldova, Ukrayna və hətta özümüz üçün də xüsusi enerji proqramlarımız var. Məsələn, 2022-ci ildə müharibə başlayanda (Ukraynada - red.) Avropa qazın 60 %-ni, kömürün 50 %-ni və deyəsən, neftin 40 %-ni Rusiyadan idxal edirdi. İndi kömür və neft idxalı dayandırılıb, qaz idxalında isə asılılığı tədricən aradan qaldırmağa doğru irəliləyirik ki, bu da bildiyiniz kimi, həmişə asan olmur", - o dəqiqləşdirib.

Onun sözlərinə görə, Daşkənddə əldə edilmiş müvafiq razılaşmaya əsasən, Ermənistan enerji infrastrukturunun yaxşılaşdırılması, enerji təhlükəsizliyinin gücləndirilməsi və şaxələndirilməsi, həmçinin xarici oyunçulardan asılılığın azaldılması üçün "Qafqaz enerji sistemi" layihəsi çərçivəsində dəstək alır. Aİ bu istiqamətdə Almaniyanın KfW inkişaf bankı ilə əməkdaşlıq edir.

"Qafqaz enerji sistemi" layihəsinin məqsədi Ermənistan və Gürcüstanın enerji sistemlərinin sinxronlaşdırılması yolu ilə Cənubi Qafqazda etibarlı və qarşılıqlı faydalı transsərhəd enerji mübadiləsini təmin etməkdir.

Son xəbərlər

Bütün Xəbər Lenti