AFAD rəhbəri: Ekstremal vəziyyətlərdə doğru xəbər vermək çox vacibdir
- 02 dekabr, 2025
- 12:10
Təbii fəlakət kimi insanların həyatına birbaşa təsir edən ekstremal vəziyyətlərdə doğru xəbər vermək çox vacibdir.
"Report" xəbər verir ki, bunu Türkiyə Fəlakətlərin İdarə Olunması İdarəsinin (AFAD) rəhbəri Ali Hamza Pehlevan Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən "Erasmus+" proqramı çərçivəsində "Fövqəladə vəziyyət Jurnalistikası: Xəbərlərin fəlakətə çevrilməsinin qarşısının alınması" mövzusunda keçirilən beynəlxalq tədbirdə deyib.
O qeyd edib ki, Türkiyənin 2014-cü ildən tətbiq edilən təbii fəlakətə müdaxilə planları içərisində milli səviyyədə 25 işçi qrupu var:
"Bu qruplar arasında "AFAD Əlaqə Qrupu" adı altında işçi qrupu da var ki, o, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin ümumi koordinasiyasında fəaliyyət göstərir. Kommunikasiyanın düzgün təşkili çox önəmli bir məsələdir. Xüsusilə, təbii fəlakət kimi həyata birbaşa təsir edən ekstremal hallarda insanların doğru xəbər alması vacibdir. Ona görə də biz təbii fəlakətlərlə mübarizə aparan bir qurum olaraq kommunikasiyaya xüsusi diqqət ayırırıq".
A.H.Pehlevan əlavə edib ki, "Anadolu" Agentliyində müharibə jurnalistikası sahəsində AFAD-la müştərək fəaliyyətlər olur: "Həmçinin, digər media qurumlarının Ankara nümayəndəlikləri ilə bir araya gələrək AFAD-la bağlı təlimlər veririk. Bundan sonra da eyni istiqamətdə fəaliyyətlərimiz davam edəcək".