Düşmən tankını geri çəkilməyə məcbur edən şəhidimiz
- 09 avqust, 2021
- 11:00

44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən və şəhidlik zirvəsinə ucalan döyüşçülərimizdən biri də Samir Əliyevdir. O, 1999-cu il avqustun 9-da Bakıda anadan olub və yaşasaydı, bu gün 22 yaşını qeyd edəcəkdi.
"Report" xəbər verir ki, şəhidin doğum günü münasibətilə paytaxtın Suraxanı rayonunda xatirə bulağı kompleksinin açılış mərasimi keçirilib.
Mərasimdə şəhidin ailə üzvləri, hərbçi yoldaşları, ictimaiyyət nümayəndələri və digər şəhid anaları iştirak ediblər.
Əvvəlcə şəhidlərin ruhu bir dəqiqqəlik sükutla yad edilib, himn səsləndirilib, səmaya göyərçinlər buraxılıb.

Qeyd edək ki, evin tək övladı olan Samir Əliyev 2005-ci ildə Xətai rayonu 55 nömrəli tam orta məktəbə birinci sinfə gedib. Məktəb illərində göstərdiyi fəallığa görə fəxri fərmanlara layiq görülüb. Məktəbi qırmızı diplomla bitirən Samir elə uşaq yaşlarından hərbiyə maraq göstərib. Nəticədə 2016-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Təhsil aldığı 4 il müddətində savadı və çevik, çalışqan olması ilə yoldaşlarından seçilib. İmtahanlarda göstərdiyi uğurlara görə Ali Hərbi Məktəb tərəfindən məzuniyyətə göndərilib. 2020-ci ildə Samir ali təhsilini başa vurur və leytenant rütbəsi alır. 2020-ci il iyun ayında “N” saylı hərbi hissədə xidmət göstərir.

Sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində qəhrəmancasına iştirak edərək "Ağ uçuq" istiqamətində gedən döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib, düşmən tankını geri çəkilməyə məcbur edib. Elə həmin döyüşdə də yaralanıb. Ancaq yaralı olmasına baxmayaraq, döyüşə davam edib, öz yaralı yoldaşlarını xüsusi taktika işlədərək mühasirədən çıxarıb və həmin döyüşdə də qəhrəmancasına şəhid olub.
Sentyabrın 29-da Suqovuşan istiqamətində şəhid olan Samir Əliyev oktyabrın 15-də İkinci Fəxri xiyabanda dəfn edilib.
Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.
Video/Foto: Ehtiram Cəbiyev

