Cəbrayıl sakini: Həmişə deyirdim ki, torpağımız azad olunsa, ora ayaqyalın gedəcəm - VİDEO

Multimedia
  • 24 oktyabr, 2025
  • 16:22
Cəbrayıl sakini: Həmişə deyirdim ki, torpağımız azad olunsa, ora ayaqyalın gedəcəm - VİDEO

Yolumuz Araz çayının sol sahilində, Qarabağ dağ silsiləsinin ətəklərində yerləşən azad Cəbrayıladır.

Bir tərəfdə dağıdılmış evlərin yaratdığı kədər, digər tərəfdə isə torpaqların azad görməyimizə görə ürəyimizə sığmayan xoşbəxtlik var - dirçələn həyat və yeni qurulan evlər. Sanki Cəbrayıl yenidən doğulub.

"Report"un əməkdaşı Cəbrayılda olub, bölgədən reportaj hazırlayıb.

Cəbrayıl sakini Mübariz Məmmədov deyir ki, bu günləri səbirsizliklə gözləyib:

"Mən burdan çox təlaşla və pis vəziyyətdə çıxmışdım. Bu günləri isə səbirsizliklə gözləyirdim. Hər il Naftalana sanatoriyaya gedirdim. Mənə deyirdilər ki, torpaqlar geri qaytarılsa evinizə qayıdarsınızmı? Deyirdim ki, vallah torpağımız geri qayıtsın qaça-qaça, ayaqyalın öz torpağıma gedərəm. İndi gəlmişik, rahat şəraitimiz var. Arxamızda isə güclü ordumuz və güclü sərkərdəmiz dayanıb".

M.Məmmədovun qızı, Cəbrayıl sakini Fidan Sərməstova ata-baba yurduna geri qayıtmağın sevincindən danışarkən göz yaşlarını saxlaya bilmir:

"Bir ildir burada yaşayırıq, iş yoldaşlarımızla gedib Cəbrayılı gəzirik, o bizə çox yaxşı təsir edir. Sanki bu gəzintilərlə 30 il yaşadığımız həsrəti öldürməyə çalışırıq. Biz həmişə inanırdıq ki, bura qayıdacağıq. Hətta qayınatam evin açarlarını və sənədlərini belə saxlayırdı. İnanın burda yaşamaq mənə o qədər xoş təsir edir ki, gündə min dəfə Allaha təşəkkür edirəm. Mənim övladlarım Bakıda doğulub, indi Bakıya hərdən gedib-gəlirik".

Sara Quliyeva isə buranın heç vaxt xəyalından çıxmadığını vurğulayır:

"Mənim atam 100 yaşında rəhmətə getdi. O həmişə deyirdi ki, qayıdacaqsınız. Cəbrayıl azad olunan günü nəvəmin doğum günü idi. İki sevinci eyni anda yaşamışdıq. Şükür Allaha Cəbrayıl azad olundu. Bizim sevincimiz həddi-hüdudu olmadı. Mənim babam, dayım, xalamın evi burdadır. Onların dağıdılmış evini görüb kövrəlirəm, amma sevinərəm ki, indi evimizə qayıtmışıq. Buranın hər daşı-divarı əzizdir. Biz gəldik, gördük, görə bilməyib dünyadan köçənlərin ruhu şad olsun. Çox şükür bu günümüzə, Allah ordumuzu və Prezidentimizi qorusun".

Cəbrayıl sakini: Həmişə deyirdim ki, torpağımız azad olunsa, ora ayaqyalın gedəcəm - VİDEO

Son xəbərlər

Bütün Xəbər Lenti