18 yaşlı teatr direktoru: Daha çox öz yazdığım əsərləri səhnələşdirirəm - VİDEO

Multimedia
  • 03 noyabr, 2025
  • 16:58
18 yaşlı teatr direktoru: Daha çox öz yazdığım əsərləri səhnələşdirirəm - VİDEO

Polad Hüseynlinin cəmi 18 yaşı var. Buna baxmayaraq hazırda bir çox gənci Azərbaycan teatrı və incəsənəti üçün bir araya toplayıb.

"Report"a danışan gənc rejissor deyir ki, ilk dəfə 2022-ci il fevralında "Əbədi tədbirlər birliyi" adlı layihəsini irəli sürüb.

"Həmin zaman doqquzuncu sinifdə təhsil alırdım. Ədəbiyyat müəlliməm mənə Mirzə Ələkbər Sabirlə bağlı gecə keçirməyi tapşırdı. Mən də məktəbdən bir neçə şagird toplayaraq, M.Ə. Sabirə aid bir tədbir keçirdim. Tədbir məktəb rəhbərliyi tərəfindən gözləmədiyim şəkildə əla qarşılandı. Sonra həmin tədbirin videosu məktəbin yutub kanalına yerləşdirildi. O videodan sonra şagirdlər qarşımı kəsib bizə qoşulmaq istədiklərini, tədbirlərdə rol almaq istəklərini bildirdilər. Bu məni daha da həvəsə gətirdi və layihəni böyüdüb ətrafıma xeyli uşaq topladım. Vaxt keçdikcə artıq məktəb yay tətilinə çıxandan sonra məktəbdənkənar müəssisələrdən təklif gəldi ki, mən və komandam orda aktyor kimi çıxış edək".

Hazırda Qafqaz Eksperimental Dram Teatrının Direktoru kimi çalışan P. Hüseynli deyir ki, layihəsində 100-dən çox gənc iştirak edir:

"Aralarında 35-45 yaş aralığında olan insanlar var, əslində elə onlara da gənc demək olar, çünki mənə görə ruhları gəncdir. Hətta rayonlardan da müraciət edənlər olur. Mən onlarla onlayn formada məşğul oluram. Tədbirdən bir gün əvvəl isə canlı məşq edirik və onlar tamaşa üçün tam hazır olurlar".

Onun sözlərinə görə daha çox öz yazdığı və komandada yazmaq qabiliyyəti olan uşaqların əsərlərini səhnələşdirir:

"Amma Azərbaycan dramaturqlarının yazdığı əsərləri də oynamışıq. Buna C. Cabbarlının "Solğun çiçəklər" əsərini misal göstərə bilərəm və bu əsərlə Mədəniyyət Nazirliyi Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkil etdiyi C.Cabbarlının yubileyinə həsr olunmuş müsabiqədə iştirak etmişik. Ən böyük məqsədim isə xarici səhnələrdə qoyulmuş, amma hələ ki, Azərbaycan teatr səhnəsində oynanılmamış janrlarda tamaşalar hazırlayıb tamaşaçıların ixtiyarına buraxmaq və Azərbaycan teatr tarixinə töhfələr verməkdir".

18 yaşlı teatr direktoru: Daha çox öz yazdığım əsərləri səhnələşdirirəm - VİDEO

Son xəbərlər

Bütün Xəbər Lenti