Sumqayıtda tullantıların utilizasiyası zavodunun inşası təklif olunur

Milli Məclis
  • 02 dekabr, 2025
  • 12:59
Sumqayıtda tullantıların utilizasiyası zavodunun inşası təklif olunur

Sumqayıtda tullantıların utilizasiyası zavodunun inşası təklif olunur.

"Report" xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Səbinə Salmanova parlamentin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı çıxış edib.

Onun sözlərinə görə, Sumqayıtda məişət tullantılarının utilizasiyası və daşınması problemdir:

"Hazırda 500 mindən çox əhalisi olan şəhərdə tullantıların həcmi ildən-ilə artır, mövcud poliqon isə bu yükü daşımaqda çətinlik çəkir. Tullantıların yandırılması nəticəsində yaranan tüstü və kəskin qoxu ətraf yaşayış məntəqələrində haqlı narazılıqlara səbəb olur. Bu, təkcə ekoloji deyil, eyni zamanda, sosial məsələdir. Ona görə də Sumqayıtda müasir tullantıların utilizasiyası zavodunun inşasını təklif edirəm. Belə bir müəssisənin yaradılması həm ekoloji tarazlığın qorunmasına xidmət edər, həm də şəhərin "yaşıl iqtisadiyyat" və "yaşıl şəhər" konsepsiyasına tam uyğun olardı".

Deputat həmçinin qeyd edib ki, Sumqayıtda bəzi sənaye müəssisələrinin tullantılarının Sumqayıtçaya, oradan isə Xəzər dənizinə axıdılması problemi hələ də tam həllini tapmayıb:

"Dövlət Su Ehtiyatları Agentliyinin bu il apardığı yoxlamalar da bu vəziyyəti təsdiqləyib. Kimyəvi tullantıların su və torpaq tərkibinə mənfi təsiri Xəzərin flora və faunasına zərər vurur, həmçinin sakinlərin dənizdən istifadəsini məhdudlaşdırır. Halbuki şəhərin Kotej qəsəbəsi istiqamətində yerləşən sutəmizləyici qurğu sutkada 200 min kubmetr suyu təmizləmək gücünə malikdir. Lakin bu potensial tam şəkildə istifadə olunmur".

S.Salmanova eyni zamanda vurğulayıb ki, hazırda 18 nöqtədən Xəzərə çirkab suların axıdılması müşahidə olunur və onların mövcud qurğuya birləşdirilməsi ilə böyük bir ekoloji riskin qarşısını almaq mümkündür:

"Bu baxımdan təklif edirəm ki, Sumqayıtda sutəmizləyici sistemlərin bərpası və genişləndirilməsi istiqamətində təcili tədbirlər həyata keçirilsin. Bu, həm dənizin ekoloji mühafizəsinə, həm də şəhər əhalisinin sağlam yaşayış mühitinin qorunmasına xidmət edəcək".

Son xəbərlər

Bütün Xəbər Lenti