Nazir: Azərbaycanın 2030-cu ilədək DOST şəbəkəsi ilə əhatə edilməsi planlaşdırılır
- 02 dekabr, 2025
- 16:34
Azərbaycanın 2030-cu ilədək DOST şəbəkəsi ilə əhatə edilməsi planlaşdırılır.
"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev parlamentin bugünkü plenar iclasında "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihələrinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, həm Dövlət Sosial Müdafiə Fondu, həm də İşsizlikdən Sığorta Fondunun büdcəsində DOST mərkəzlərində göstərilən xidmətlərlə bağlı Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə müvafiq ödənişlər nəzərdə tutulur:
"DOST Agentliyi 13 istiqamət üzrə əhaliyə 161 xidmət təqdim edir. Hazırda 7 DOST mərkəzi, 1 filial və 2 məntəqə fəaliyyət göstərir. Bir sıra ölkələr DOST konsepsiyasına olduqca böyük maraq göstərir. Biz 2030-cu ilədək ölkəni bütövlükdə DOST şəbəkəsi ilə əhatə etməyi planlaşdırırıq".