MM-də "Daxili qoşunlar haqqında" yeni qanun layihəsinin müzakirəsi başlayıb
- 09 sentyabr, 2025
- 15:00

Milli Məclisdə yeni hazırlanan "Azərbaycan Respublikasının daxili qoşunları haqqında" qanun layihəsinin müzakirəsi başlayıb.
"Report" xəbər verir ki, layihə parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyası üzrə bu gün keçirilən ilk iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsi Azərbaycanın konstitusiya quruluşunun, suverenliyinin, habelə ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması sahəsində daxili qoşunların fəaliyyətini, hüquq və vəzifələrini, həmçinin daxili qoşunların idarə olunmasının hüquqi əsaslarını müəyyən edir.
Yeni layihədə daxili qoşunların fəaliyyətinin əsas prinsipləri, istiqamətləri, onların tərkibi, vəzifə, səlahiyyət və hüquqları, maliyyə və maddi-texniki təminatı, fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın, döyüş texnikasının və xüsusi texnikanın tətbiqi şərtləri, o cümlədən bütün bunlara nəzarət tədbirləri və s. öz əksini tapıb.
Sənəd altı fəsil, otuz maddədən ibarətdir.
Layihə barədə komitənin sədri Arzu Nağıyev məlumat verib.
O qeyd edib ki, hazırda Azərbaycanın daxili qoşunlarının hüquqi statusu 1994-cü il 8 fevral tarixində qəbul edilmiş "Daxili qoşunların statusu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
"Təklif olunan yeni Qanun layihəsinin qəbulu ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi və daxili sabitliyin təmin edilməsi baxımından zəruridir və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələblərinə əsasən, normayaratma texnikasına uyğun hazırlanıb".