"Yaradan" sənədli filminin təqdimatı keçirilib
- 30 oktyabr, 2025
- 19:18
"Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyinin Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə həsr olunmuş "Yaradan" adlı sənədli filminin təqdimat mərasimi baş tutub.
"Report" xəbər verir ki, Vətən müharibəsinin 5 illiyinə həsr olunan ekran əsərində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri, eləcə də bu bölgələrə "Böyük Qayıdış" prosesinin nəticəsi də təsvir olunub.
Film 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfəri, genişmiqyaslı yenidənqurma tədbirlərini və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını insan taleləri fonunda təqdim edir.
Filmin ssenari müəllifi Ayaz Mirzəyev, rejissoru Zəka Quliyev, operatoru Vüqar Şıxəliyev və montaj mütəxəssisi Elmar Tariyeloğludur. Yaradıcı heyət filmi dağıntıdan şəhər, xatirədən gələcək, kədərdən qürur yaradan xalqın hekayəsi adlandırır.
Sənədli filmin çəkilişləri Ağdam, Xocalı, Şuşa, Xankəndi, Cəbrayıl, Füzuli, Laçın, Kəlbəcər və Zəngilanda aparılıb.
"Yaradan" sənədli filmi Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə həsr olunmuş layihə çərçivəsində ərsəyə gətirilib. Layihənin donor təşkilatı Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.