Professor: Dillə bağlı ən ciddi problemlərdən biri orfoqrafiya ilə orfoepiyanı ayıra bilməməkdir
- 18 fevral, 2026
- 11:59
Azərbaycanda dillə bağlı ən ciddi problemlərdən biri orfoqrafiya ilə orfoepiyanı ayıra bilməməkdir.
"Report" xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) Televiziya və radio jurnalistikası kafedrasının professoru, Mətbuat Şurası Dil Komissiyasının üzvü, professor Qulu Məhərrəmli "Medianın dili elmi müzakirə müstəvisində" adlı konfransda deyib.
Onun sözlərinə görə, insanlar yazdıqları kimi danışmağa, yaxud da danışdıqları kimi yazmağa vərdiş ediblər:
"Azərbaycan dilini korlayan faktlardan biri də televiziya, ya da radioda futbol şərhçilərinin səsləndirdiyi səhv ifadələrdir. Şərhçilər söz sırasını pozaraq dilə xələl gətirirlər. Buna misal olaraq "4:2 hesabı ilə uduzub" cümləsini göstərmək olar. Cümlələrin çox hissəsində mübtəda və xəbərin uzlaşması da pozulur. Bundan əlavə, mediada ən çox yol verilən səhvlərdən biri də "hava şəraiti" ifadəsinin işlədilməsidir. Bu nümunələrin əksər hissəsi məna səhvləridir".
Q.Məhərrəmli efirlərdə yayımlanan reklamlardakı nöqsanlara da toxunub:
"Reklamlarda Azərbaycan dilinin qayda və normalarına uyğun olmayan saysız nümunələr gətirmək olar. Anlaşılandır ki, reklamların mətnləri öncədən göndərilir və redaktə etmək çətindir. Amma bəzi reklamlardakı fikirlər çox absurd səslənir. Bunlardan biri də şadlıq saraylarının reklamlarıdır".