İnformasiya təhlükəsizliyi: suverenliyə təhdiddən necə qorunaq?

Media
  • 02 dekabr, 2025
  • 23:47
İnformasiya təhlükəsizliyi: suverenliyə təhdiddən necə qorunaq?

Müasir dövrdə dövlətlər üçün təhlükəsizlik yalnız sərhədlərin fiziki qorunması ilə məhdudlaşmır. Qlobal informasiya axını fonunda informasiya təhlükəsizliyi də milli təhlükəsizliyin ən kritik sahələrindən birinə çevrilib və dövlətlərin siyasi, iqtisadi, sosial davamlılığını müəyyən edən əsas sütundur.

Bəs informasiya təhlükəsizliyi nədir və suverenliklə necə bağlıdır?

Dövlətin informasiya məkanında daxili və xarici təhdidlərdən qoruması, məlumatların bütövlüyünü, konfidensiallığını və əlçatanlığını təmin etməsi informasiya təhlükəsizliyidir. Dezinformasiya və feyk xəbərlər, kiberhücumlar, sosial şəbəkə manipulyasiyası informasiya təhdidlərinin əsas formalarıdır.

Bu təhdidlərlə mübarizədə beynəlxalq təcrübə necədir?

Məlumatlara görə, kibertəhdidlərə qarşı ən güclü model Estoniyadadır. Təsadüfi deyil ki, NATO-nun Kiber Müdafiə Mərkəzi Tallində yerləşir. Bütün dövlət xidmətləri "e-government" platformasında qorunur. Ən güclü "cyber hygiene" təlimi tətbiq edən ölkələrdən biridir.

Dezinformasiya ilə mübarizədə dünya lideri olan Finlandiyada isə məktəblərdə media savadlılığı dərsləri verilir. Jurnalistika təşkilatları və dövlət birlikdə "Fact-Checking Ecosystem" qurub. Buradakı insanlar feyk xəbərləri tanımaqda ən güclü toplumdur.

Azərbaycanda isə Elektron Hökumətin İnkişafı Mərkəzi və Elektron Təhlükəsizlik Xidməti kibermüdafiə üçün əsas dövlət strukturudur.

Elektron təhlükəsizliyin, informasiya cəbhəsinin nə qədər önəmli olduğunu 44 günlük Vətən müharibəsi dövründə də müşahidə etdik.

Müşfiq Ələsgərli

Mətbuat Şurası İdarə Heyətinin üzvü, media üzrə ekspert Müşfiq Ələsgərli "Report"a açıqlamasında vurğulayıb ki, elmi-nəzəri yanaşmalara görə, dezinformasiya "yanlış məlumat"ın digər tiplərindən fərqlənir:

"O, ictimai rəyi manipulyasiya etmək üçün məqsədli şəkildə planlaşdırılan kommunikasiya strategiyasıdır. Yaşadığımız dövrdə dezinformasiya yayımı pik həddə çatıb. Çünki veb-texnologiyaların inkişafı, sosial şəbəkə platformalarının sürətlə çoxalması paralel olaraq dezinformasiyanın kəmiyyətcə artmasını, daha mürəkkəb forma almasını şərtləndirir. Analitik mərkəzlərin hesablamalarına görə, sosial şəbəkələr dezinformasiya yayımını digər kommunikasiya vasitələrinə nisbətən 3 dəfə daha sürətlə həyata keçirirlər. Gündəlik xəbər dövriyyəsindəki "saxta xəbər"lərin 60 faizi məhz sosial şəbəkə platformaları üzərindən yayılır. Bu proses informasiya mənbələrinin etibarlılığını zədələyir, auditoriyanın xəbər ekosisteminə inamını azaldır".

Ekspertin fikrincə, yaranmış durum auditoriyanın etibarlı xəbər almaq imkanlarını zədələdiyi kimi, peşəkar media təmsilçilərinin işini də çətinləşdirir:

"Elmi ədəbiyyatda göstərilir ki, dezinformasiyanın mediaya təsirləri bir neçə istiqamətdə özünü göstərir. İlk növbədə, algoritmik tövsiyə sistemləri, kliklər informasiya axınının həddindən artıq çoxalmasını stimullaşdırır və faktların keyfiyyətli yoxlanılması məsələsində jurnalistlərin işini çətinləşdirir. Operativlik, tez çatımlıq naminə faktların yoxlanılmadan ictimailəşdirilməsi isə dezinformasiyaların asanlıqla yayılması üçün münbit şərait yaradır. Hansı ki, faktların yoxlanılması, dezinformasiyaların ifşa olunması, ictimaiyyətə doğru xəbərin çatdırılması jurnalistlər üçün sadəcə peşə vərdişi deyil, həm də milli təhlükəsizliyin mühüm komponentidir".

Bu kontekstdə jurnalistlərin işini asanlaşdırmaq, ümumilikdə cəmiyyətin doğru və yanlış xəbər arasında seçim etmək imkanlarını artırmaq üçün bir sıra tətbiqlər yaradıldığını xatırladan ekspert bildirib ki, onlardan biri də "fact-checking" institutlarıdır:

"Beynəlxalq Fakt Yoxlama Şəbəkəsi (IFCN) qlobal səviyyədə xəbər yoxlamağın metodoloji standartlarını müəyyən edir və milli səviyyəli "fact-checking" institutlarını legitimləşdirmək üçün prosedurlar tətbiq edir. Bu tətbiq nəticə olaraq jurnalistikanın dezinformasiya ilə mübarizədə dayanıqlığını artırır".

Mediada ombudsman institutları

M.Ələsgərlinin sözlərinə görə, bir sıra ölkələrdə informasiya ombudsmanları əlahiddə institut kimi fəaliyyət göstərirlər. Yaxud, redaksiyaların tərkibində lokal olaraq yaradılırlar. Azərbaycanda isə informasiya ombudsmanı bir qədər fərqli formatda yaradılıb. O, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman ) Aparatının tərkibində bir departament kimi nəzərdə tutulub.

"Effektiv variant hər bir redaksiyanın özünün tərkibində informasiya ombudsmanının olmasıdır. Amma istənilən halda ombudsman institutları informasiya hüquqlarının qorunması, şəffaflıq və insan hüquqlarının müdafiəsi sahəsində media ilə birgə fəaliyyət göstərirlər. Prinsipial olaraq, Ombudsmanlar məlumat əldə edilməsində yaranan məhdudiyyətləri araşdırırlar. Media azadlığı ilə bağlı pozuntular üzrə tövsiyələr verirlər və dövlət qurumlarının informasiya açıqlığını təşviq edir.

Paralel olaraq, media nümayəndələri üçün etik davranış, məlumatın təhlükəsiz istifadəsi, şəxsi məlumatların qorunması və dezinformasiyanın identifikasiyası üzrə təlimlərin təşkili də ombudsman institutunun dəstəyilə həyata keçirilə bilir. Bu baxımdan, ombudsman–media əməkdaşlığının institusional mexanizmlərlə möhkəmləndirilməsi müasir media sistemi üçün əsas zərurətlərdən hesab edilir", - o əlavə edib.

İnformasiya manipulyasiyası insan hüquqlarına necə təsir edir?

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının mətbuat katibi Araz Əsgərli vurğulayıb ki, Ombudsman təsisatının fəaliyyətinin mühüm istiqamətlərindən biri vətəndaşların obyektiv və düzgün məlumat almaq hüququnun təmin edilməsinə, eyni zamanda əsası olmayan, manipulyativ və qeyri-dəqiq məlumatların yaratdığı risklərin azaldılmasına yönəlib.

Araz Əsgərli

O, konstitusiya və beynəlxalq insan hüquqları sənədlərinin hər kəsə fikir və söz azadlığı ilə yanaşı, məlumat almaq və yaymaq hüququ verdiyini xatırladıb:

"Lakin məlumatın bilərəkdən təhrif edilməsi, dezinformasiya və feyk xəbərlər bu hüquqların məzmununu zədələyir və insanın öz həyatına dair düzgün qərar vermək imkanlarını zəiflədir. İnformasiya manipulyasiyasının təhlükələri xüsusilə müharibə, fövqəladə hallarda daha qabarıq şəkildə özünü göstərir. Bu cür yanlış məlumatlar əhali arasında təşviş və çaşqınlıq yarada, ictimai sabitliyə zərbə vura, milli və informasiya təhlükəsizliyinə risklər doğura bilər".

A.Əsgərlinin sözlərinə görə, eyni zamanda, manipulyativ məlumatların şəxslərə yönəlməsi onların şərəf və ləyaqətinin ləkələnməsi, nüfuzun zədələnməsi, şəxsi həyata müdaxilə kimi ciddi insan hüquqları pozuntularına gətirib çıxara bilər:

"Etibarlı informasiya mühiti insan hüquqlarının təmin olunmasının ayrılmaz hissəsidir. Biz öz fəaliyyətimizdə rəqəmsal mühitdə dezinformasiyanın qarşısının alınması barədə maarifləndirmə tədbirlərini genişləndirir, müvafiq dövlət qurumları, media subyektləri və vətəndaş cəmiyyəti ilə əməkdaşlığı inkişaf etdiririk. Məqsədimiz həm hüquqların müdafiəsini gücləndirmək, həm də sağlam, məsuliyyətli və şəffaf informasiya mühitinin formalaşmasına töhfə verməkdir".

Mətbuat katibi qeyd edib ki, 2020-ci ildə Ombudsman Aparatında İnformasiya əldə etmək hüququnun təmin edilməsi şöbəsi yaradılıb:

"Bu şöbə vətəndaşların və jurnalistlərin məlumat almaq hüquqlarının pozulması hallarını araşdırmaq, hüquqların bərpasını təmin etmək fəaliyyətini həyata keçirir. Şöbə tərəfindən, həmçinin əhali və aidiyyəti üzrə informasiya sahibi olan qurumlar üçün geniş maarifləndirmə işləri aparılır, informasiya hüquqlarının əhəmiyyəti barədə ictimaiyyət daim məlumatlandırılır. Bir çox hallarda nəinki dezinformasiya, hətta icazəsiz şəxsi məlumatların paylaşılması belə insana, xüsusilə uşaqlar da daxil olmaqla həssas əhali qruplarına mənəvi və psixoloji mənfi təsir göstərir. Bu cür halların qarşısını almaq məqsədilə Müvəkkil yetkinlik yaşına çatmayanlarla bağlı materialların yayılmasında qanunvericiliyin tələblərinə əməl olunmasının, onların şəxsi məlumatlarının, foto və videogörüntülərinin icazəsiz təqdim edilməməsinin, sensasiya xarakterli, psixoloji və fiziki təhlükə yarada biləcək məzmunların yayılmasının yolverilməz olduğu barədə də bəyanat yayıb".

A.Əsgərli hesab edir ki, dövlət qurumları, media subyektləri, vətəndaş cəmiyyəti institutları və texnologiya şirkətləri təhlükəsiz və etibarlı informasiya mühitinin formalaşdırılması istiqamətində koordinasiyalı şəkildə fəaliyyət göstərməlidirlər. Rəqəmsal ekosistemdə informasiya manipulyasiyasının qarşısının alınması yalnız ayrı-ayrı qurumların səyləri ilə deyil, həm də geniş ictimai əməkdaşlıq və məsuliyyət prinsipi əsasında mümkün ola bilər.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən (ETX) "Report"-a bildirilib ki, feyk xəbərlər əsasən bot hesablar, koordinasiyalı şəbəkələr və sosial mühəndislik vasitəsilə yayılır:

"Alqoritmlər emosional və sensasiyalı məzmunu daha çox önə çıxardığı üçün yalan məlumatlar qısa zamanda geniş auditoriyaya çatır".

ETX-dən vətəndaşların özlərini informasiya hücumlarından necə qorumalı olduqlarına da aydınlıq gətirib:

"Vətəndaşların əsas müdafiəsi rəqəmsal savadlılıqdır. Onlar şübhəli linklərə klik etməməli, tanımadıqları mənbələrdən gələn faylları yükləməməli, güclü və unikal şifrə istifadə etməli, ikifaktorlu autentifikasiyadan yararlanmalı və şəxsi məlumatları paylaşmamalıdır. Hər hansı şübhəli fəaliyyət və ya hesab müdaxiləsi olduqda ETX-yə rəsmi qaynar xətt və ya "cert.az" saytı vasitəsilə məlumat verilməlidir".

Beləliklə, informasiya təhlükəsizliyi artıq klassik təhlükəsizlik deyil. Dövlətin iqtisadi, siyasi və hərbi gücü rəqəmsal mühitdə möhkəmlənməsə, informasiya təsirləri ilə sarsıdılması daha asan olur. Bu səbəbdən informasiya təhlükəsizliyinə investisiya dövlətin gələcəyinə, süverenliyinin təhdid olunmamasına investisiyadır.

Son xəbərlər

Bütün Xəbər Lenti