"Global Media Group" şirkətlərinin beynəlxalq idarəetmə standartlarına uyğunluğu növbəti dəfə təsdiqlənib
- 17 dekabr, 2025
- 15:48
"Global Media Group"un tərkibində fəaliyyət göstərən "Baku TV" xəbər kanalı, "Oxu.az" xəbər saytı, "Report" İnformasiya Agentliyi və "Global Management" autsorsinq şirkətində beynəlxalq idarəetmə standartları üzrə təkrar sertifikatlaşdırma auditi uğurla yekunlaşıb.
"Report"un məlumatına görə, 10-16 dekabrı əhatə edən audit prosesi "TÜV Austria Azərbaycan" MMC-nin baş auditoru Zaur Fərzəliyevin rəhbərliyi ilə həyata keçirilib.
Bu çərçivədə təşkilatlarda tətbiq olunan ISO 9001:2015 – Keyfiyyət İdarəetmə Sistemləri, ISO 14001:2015 – Ətraf Mühitin İdarə Edilməsi Sistemləri və ISO 45001:2018 – Sağlamlıq və Əməyin Təhlükəsizliyinin İdarə Edilməsi Sistemləri üzrə mexanizmlər beynəlxalq tələblərə uyğun şəkildə qiymətləndirilib.
Keçirilən audit zamanı İnteqrə Olunmuş İdarəetmə Sisteminin uyğunluğu, kifayətliliyi və effektivliyini təmin etmək məqsədilə rəhbərlik tərəfindən sistemə dair liderlik və öhdəliyinin nümayiş etdirilməsi, düzgün resurslarla təmin edilməsi və təşkilatın strateji istiqamətinə uyğun qərarların verilməsi sübut edilib.
Qeyd edək ki, "Global Media Group"un tərkibində fəaliyyət göstərən "Baku TV", "Oxu.az", "Report" İnformasiya Agentliyi və "Global Management" şirkətləri 2022-ci ildən etibarən sözügedən beynəlxalq ISO standartları üzrə sertifikatlara malikdir.
Azərbaycanın ən böyük media şirkətlər qrupundan biri olan "Global Media Group" 2017-ci ildən fəaliyyətə başlayıb. "Global Media Group"a Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər şirkətlər daxildir.
"Global Media Group" haqqında daha ətraflı məlumat əldə etmək üçün http://www.gmg.az/ saytına və ya şirkətin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook | Instagram | LinkedIn) müraciət edə bilərsiniz.