Ankarada azərbaycanlı jurnalistlərə dağ yürüşü tədris edilib

Media
  • 17 avqust, 2021
  • 07:06
Ankarada azərbaycanlı jurnalistlərə dağ yürüşü tədris edilib

Türkiyənin Ankara şəhərində Anadolu Agentliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), Türkiyə Polis Akademiyası və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə “Hərbi jurnalistika” mövzusunda təlimlər davam edir.

"Report"un təlimdə iştirak edən əməkdaşı xəbər verir ki, avqustun 16-da - təlimlərin səkkizinci günündə iştirakçılara müharibədə ilk yardım əməliyyatı, dağ yürüşü, gecə düşərgəsi, pusqu və pusudan qorunma üsulları tədris olunub.

Jurnalistlər iki gün ərzində dağ ərazisində düşərgə qurub, gecəni də orada keçirib.

Qeyd edək ki, təlimlərə Azərbaycandan 24 jurnalist qatılıb. Avqustun 20-dək davam edəcək təlimlərdə iştirakçılara jurnalistika, şəxsi təhlükəsizlik, müharibə hüququ, ilk yardım, müharibə zamanı davranış qaydaları, suda həyatda qalma, kimyəvi və bioloji silahların tətbiqi zamanı qorunma, fövqəladə vəziyyətlərdə fəaliyyət və digər mövzularda məlumat verilir. Təxminən 60 faizi praktiki hissədən ibarət olan dərslərdə jurnalistlərə böhran, təbii fəlakət və müharibə bölgələrində fəaliyyət göstərən media nümayəndələrinin qarşılaşa biləcəyi çətinliklər və təhdidlərin dəf olunması mövzularında da təlimlər keçirilir. Bununla yanaşı, media nümayəndələri riskli bölgələrdə təşkil olunacaq təlimlərdə iştirak edəcəklər.

Təlim proqramını uğurla başa vuran jurnalistlər beynəlxalq səviyyədə tanınan "Hərbi jurnalistika sertifikatı" ilə təltif olunacaqlar.

Təlimdə "Report" İnformasiya Agentliyinin əməkdaşı İsmayıl Nəsibli də iştirak edir.