Litvanın Bakıdakı səfirliyində Avropa Dilləri Günü qeyd edilib
- 26 sentyabr, 2025
- 17:35

Litvanın Azərbaycandakı səfirliyi Avropa Dilləri Gününə həsr olunmuş tədbir keçirib.
"Report" xəbər verir ki, diplomatlar iştirakçılara Litva dilinin tarixini və unikal xüsusiyyətlərini təqdim ediblər.
Qonaqlar Litva dilinin yaranma tarixi, onun hind-avropa dillərinin baltik qrupuna mənsubluğu, həmçinin sanskrit dili ilə oxşarlığı ilə tanış olublar. Əlifba və qrammatikanın incəliklərinə xüsusi diqqət yetirilib.
İştirakçılar, həmçinin Litva dili haqqında tematik viktorinada öz biliklərini yoxlaya biliblər.
Görüş zamanı iştirakçılar rus dilinin Litva dilinə təsiri ilə də maraqlanıblar.
Tədbirin sonunda Litvanın Bakıdakı səfiri Kestutis Vaskelyaviçyus iştirakçılarla qeyri-rəsmi şəraitdə ünsiyyət qurub.
Qeyd edək ki, tədbir Litva səfirliyinin sədrliyi, Ukrayna Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə Azərbaycandakı EUNIC klasteri tərəfindən təşkil olunub. Proqram sentyabr və oktyabr aylarında vörkşoplar, mədəni görüşlər və təqdimatlarla davam edəcək.