İrəvan Dövlət Azərbaycan Dram Teatrının binası təmirdən sonra yenidən istifadəyə verilib
- 24 dekabr, 2025
- 17:39
İrəvan Dövlət Azərbaycan Dram Teatrının binası təmirdən sonra yenidən istifadəyə verilib.
"Report" xəbər verir ki, açılış mərasimində mədəniyyət naziri Adil Kərimli, nazirlik və teatrın əməkdaşları iştirak ediblər.
3000 kv/mlik teatr binasının yenidənqurma layihəsi çərçivəsində teatr səhnəsi tam müasir standartlara uyğunlaşdırılıb, yeni kiçik səhnə yaradılıb.
Səhnə mexanizmləri, işıq və səs sistemləri yenilənib, texniki infrastruktur beynəlxalq teatr təcrübəsinə uyğun qurulub. Tamaşaçı zalı akustik baxımdan təkmilləşdirilib, oturacaqlar və interyer dizaynı funksionallıq və estetik ahəngdarlıq prinsipləri əsasında yenidən formalaşdırılıb.
Teatr truppasının səmərəli fəaliyyəti üçün məşq zalları, qrim otaqları, dekorasiya və yeni texniki xidmət sahələri yaradılıb, inzibati və yaradıcı heyətin rahat işləməsi üçün bütün zəruri şərait təmin olunub.
Qeyd olunub ki, həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri təkcə fiziki infrastrukturun yenilənməsi deyil, eyni zamanda İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcılıq potensialının gücləndirilməsinə, onun müasir teatr prosesinə tam inteqrasiyasına xidmət edir. Bu yenilənmə teatrın repertuar imkanlarını genişləndirir və milli teatr sənətinin inkişafına yeni impuls verir.
Teatrın kollektivi göstərilən diqqətə görə, Prezident İlham Əliyevə təşəkkür ediblər.
"Mədəniyyətimizin bütün istiqamətlərdə inkişafına xüsusən, teatr sahəsinə göstərdiyiniz qayğıya, ayrı-ayrı sənət ocaqlarına və sənətkarlara ayırdığınız diqqətə görə bütün kollektivimiz adından dərin minnətdarlığımızı bildiririk", - təşəkkür mətnində qeyd olunub.
Qeyd edək ki, 2019-cu ildə Prezident İlham Əliyev İrəvan Dövlət Azərbaycan Dram Teatrı binasının əsaslı təmiri və yenidən qurulması ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, teatra bu məqsədlə iki milyon manat vəsait ayrılıb.