Tbilisidə "Polkovnik" sənədli filminin təqdimatı olub
- 11 oktyabr, 2025
- 17:26

Tbilisidə əslən Gürcüstandan olan görkəmli azərbaycanlı hərbçi Vəli bəy Yadigarovun həyat və fəaliyyətinə həsr olunmuş "Polkovnik" sənədli filminin təqdimatı keçirilib.
"Report"un yerli bürosu xəbər verir ki, tədbir Azərbaycan Mədəniyyət Nazirliyi və "Salnamə" sənədli filmlər studiyasının birgə təşkilatçılığı, SOCAR-ın Gürcüstan nümayəndəliyi və Azərbaycan diasporunun dəstəyi ilə, Azərbaycanın Gürcüstandakı səfirliyinin iştirakı ilə baş tutub.
Təqdimat mərasimi Həsən Həsənovun 85 illik yubileyi çərçivəsində təşkil olunub.
Tədbirdə çıxış edən Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev bildirib ki, "Polkovnik" filmi təkcə bir qəhrəmanın həyatına deyil, həm də Azərbaycan və Gürcüstan xalqlarını birləşdirən tarixi və mənəvi bağlara işıq salır:
"Bu ekran əsərini Azərbaycan və Gürcüstan xalqlarını birləşdirən bir film adlandırmaq olar. Burada doğulub yaşayan soydaşlarımız, baxmayaraq ki, Gürcüstanda dünyaya gəliblər, qəlbləri hər zaman Azərbaycanla döyünüb. Onların mənəvi bağları, vətənə olan sevgiləri daim güclü olub."
Səfir qeyd edib ki, yubiley tədbiri xalqlar arasında mədəni və mənəvi körpü rolunu oynayır:
"Vəli bəy Yadigarovun həyatı və fəaliyyəti təkcə Azərbaycan üçün deyil, bütövlükdə Qafqaz regionunun hərb və dövlətçilik tarixinin parlaq səhifəsidir. Bu kimi filmlər xalqlarımız arasında dostluğun və qarşılıqlı hörmətin təcəssümüdür".
Daha sonra filmin ideya müəllifi, Azərbaycanın sabiq baş naziri və xarici işlər naziri Həsən Həsənov çıxış edərək filmin yaranma ideyasından bəhs edib. O bildirib ki, "Polkovnik"in ərsəyə gəlməsi Azərbaycan tarixində iz qoymuş şəxsiyyətlərin xatirəsini yaşatmaq, gənc nəslə vətənpərvərlik ruhunu aşılamaq məqsədi daşıyır:
"Bu film təkcə bir insanın həyat yoluna nəzər salmaq deyil, həm də müstəqil Azərbaycan dövlətçiliyinin inkişaf tarixinin mühüm bir mərhələsini xatırlamaq üçün əlamətdar hadisədir. Vəli bəy Yadigarovun həyat yolu Azərbaycan xalqının mübarizə, yenilənmə və yüksəliş tarixinin bir parçasıdır".
Filmin rejissoru Tahir Əliyev, ideya müəllifi və ssenari məsləhətçisi Həsən Həsənov, ssenari müəllifi Ramil Ələkbərov, operatoru Faiq Kərimov, bəstəkarı Azər Hacıələsgərli, prodüseri isə Nazim Hüseynovdur.
Çəkilişlər Azərbaycan, Gürcüstan və Polşada aparılıb. Film, həm Vəli bəy Yadigarovun şəxsi qəhrəmanlığını, həm də Azərbaycan hərb tarixində və Qafqaz regionunun hərbi-siyasi proseslərində onun oynadığı rolu tamaşaçılara təqdim edir.