Hacı Əziz məscidinə qanunsuz müdaxilənin qarşısı alınıb, iş məhkəməyə göndərilib
- 20 fevral, 2026
- 17:41
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Hacı Əziz məscidində aparılan qanunsuz təmir işlərinin qarşısını alıb.
Bu barədə "Report"a qurumdan məlumat verilib.
Bildirilib ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən, yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş Hacı Əziz məscidinə müdaxilə faktı aşkarlanıb. Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları məscidə baxış keçirən zaman qanunun tələblərinin pozularaq layihəsinin razılaşdırılmadan təmir işlərinin aparıldığını müəyyənləşdirib.
Qanunsuz təmir işlərini həyata keçirən podratçı şirkət - "Dostluq H-EL" MMC-nin nümayəndələrinə işlərin dərhal dayandırılması və abidənin ilkin vəziyyətinə qaytarılması barədə xəbərdarlıq edilib. Bundan sonra abidənin xarici divarına vurulan suvaq qatı təmizlənərək ilkin görkəminə qaytarılıb.
Eyni zamanda, inzibati xəta haqqında protokol tərtib edilib və Sabunçu Rayon Məhkəməsinə göndərilib.