Şöbə müdiri: Azərbaycan tarixi-mədəni və dini abidələrin bərpasına olduqca həssas yanaşır
- 29 sentyabr, 2025
- 13:34

Mədəniyyət türk dövlətləri arasındakı əlaqələrin əsas özəyidir.
"Report" xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərrux Cumayev Bakıda keçirilən "Qlobal qeyri-müəyyənlik dövründə mədəniyyət, elm və parlamentarizm sahəsində TDT siyasəti" adlı panel müzakirədə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, mədəniyyət anlayışı, sadəcə, estetik gözəllik deyil, insanların bir-birini anlaması, əlaqələr qurması üçün çox ciddi bir vasitədir:
"Türk dövlətləri arasında əlaqə məhz mədəni prizmaya əsaslanır. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatı daxilində dərin mədəni əməkdaşlıqlara əsaslanan təşəbbüslərin irəliləməsinə xüsusi əhəmiyyət verir. Bu mənada, türk dövlətlərinin təmsil olduğu bir sıra təşkilatlarla geniş və sıx əməkdaşlıq əlaqələrimiz mövcuddur".
Şöbə müdiri bildirib ki, Azərbaycanın azad edilmiş ərazilərdə tarixi-mədəni abidələrin bərpasına yanaşması əsl nümunədir:
"Biz tarixi-mədəni, eləcə də dini abidələrin bərpasına olduqca həssas yanaşırıq ki, bu da ümumiyyətlə, mədəni keçmişə və tarixə həssaslığımızın bariz göstəricisidir".