Özbəkistanda Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Kino günlərinin rəsmi açılışı olub
- 14 noyabr, 2025
- 10:27
Özbəkistanın Milli Kino Sənəti Sarayında Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Kino günlərinin rəsmi açılışı olub.
"Report" xəbər verir ki, bu barədə Özbəkistanın Milli İnformasiya Agentliyi məlumat yayıb.
Tədbir nümayəndə heyətlərinin iştirakı ilə kinematoqrafiya sahəsində əməkdaşlığın inkişafına həsr olunmuş dəyirmi masa ilə başlayıb.
Açılış mərasimində Özbəkistan Kinematoqrafiya Agentliyinin direktoru Şuxrat Rizayev, Azərbaycan Kino Agentliyinin baş direktoru Rəşad Əzizov, Qazaxıstan Milli Kinoya Dəstək Mərkəzinin İdarə Heyətinin sədr müavini Adilet Omarov, eləcə də Mərkəzi Asiya ölkələri və KİV nümayəndələri çıxış ediblər.
Tədbir iştirakçıları Türk dövlətlərinin kinematoqrafçılar arasında yaradıcılıq əlaqələrinin güclənməsini və əməkdaşlığın yeni mərhələyə keçdiyini qeyd ediblər. Bildirilib ki, beynəlxalq kino festivalları, yaradıcılıq müsabiqələri və birgə layihələr tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etməsinə kömək edir.
Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Kino günləri mədəni əlaqələri gücləndirmək, xalqları incəsənət vasitəsilə yaxınlaşdırmaq və peşəkar təcrübə mübadiləsini təmin etmək məqsədi daşıyır.
Proqramın ilk günündə tamaşaçılara Azərbaycanın və region ölkələrinin rejissorları tərəfindən hazırlanmış qısametrajlı filmlər təqdim olunub.