Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının 120 illik yubileyi qeyd olunub

Mədəniyyət siyasəti
  • 02 dekabr, 2025
  • 12:39
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının 120 illik yubileyi qeyd olunub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı olan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının (MİHİ) 120 illik yubileyi qeyd olunub.

"Report" xəbər verir ki, AHİK-in sədri Sahib Məmmədov tədbirin açılışında çıxışı zamanı MİHİ-nin ölkədə əmək münasibətlərinin tənzimlənməsi və işçi hüquqlarının müdafiəsi sahəsindəki rolunu vurğulayıb.

Daha sonra Milli Məclis sədrinin müavini Rafael Hüseynov, parlamentin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev, İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc, mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Xalq yazıçısı Çingiz Abdullayev, həmçinin Qazaxıstan və Özbəkistan həmkar ittifaqlarının nümayəndələri çıxış edərək MİHİ-nin fəaliyyətinə dair fikirlərini bölüşüblər.

Yubiley çərçivəsində AHİK-in və MİHİ-nin həyata keçirdiyi layihələr və yeniliklər barədə video-təqdimatlar nümayiş olunub. Tədbirin bədii hissəsində mədəniyyət və incəsənət nümayəndələrinin çıxışları təqdim edilib.

Tədbirin davamında əmək münasibətlərində sosial dialoqun inkişafına həsr olunmuş iki panel müzakirəsi keçirilib.

"İşçi ilə əməkdaşlıq" və "İşəgötürənlə əməkdaşlıq" mövzularında təşkil olunan panellərdə dövlət qurumlarının nümayəndələri, həmkarlar ittifaqları təmsilçiləri və özəl sektor rəhbərləri iştirak edərək əmək bazarının aktual məsələlərini, sosial tərəfdaşlıq imkanlarını və işçi rifahının artırılması istiqamətlərini müzakirə ediblər.

"Həmkarlarla 120 il" yubiley tədbiri Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının ölkə mədəniyyətinin inkişafında, işçi hüquqlarının müdafiəsində və həmkar həmrəyliyinin gücləndirilməsində oynadığı mühüm rolun bir daha təsdiqi kimi qiymətləndirilib.

Qeyd edək ki, AHİK-in üzv təşkilatı olan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı mədəniyyət, incəsənət, media və idman sahəsində çalışan əməkdaşların sosial-iqtisadi hüquqlarının müdafiəsi istiqamətində 120 illik tarixi fəaliyyət yoluna malikdir. 1905-ci ildə "Çapçılar İttifaqı" kimi fəaliyyətə başlayan təşkilat ölkənin mədəni həyatında yaradıcı insanların sosial müdafiəsinin təmin olunmasında mühüm rol oynayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti