Fransada Beynəlxalq Qastronomiya günlərində Azərbaycan pavilyonu fəaliyyət göstərəcək

Mədəniyyət siyasəti
  • 06 sentyabr, 2025
  • 19:11
Fransada Beynəlxalq Qastronomiya günlərində Azərbaycan pavilyonu fəaliyyət göstərəcək

Sentyabrın 11-dən 14-dək Fransanın paytaxtı Paris şəhərində, Eyfel qülləsinin yaxınlığında keçiriləcək Beynəlxalq Qastronomiya günləri çərçivəsində Azərbaycan pavilyonu fəaliyyət göstərəcək. 

"Report"un Fransa bürosu xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Fransadakı Səfirliyi və "Azərbaycan Dostları" Assosiasiyasının birgə təşkilatçılığı ilə həyata keçiriləcək. 

Pavilyonda Azərbaycan mətbəxinin inciləri - ənənəvi yeməklərlə, şərablarla yanaşı, milli musiqi və rəqs nümunələri də nümayiş etdiriləcək. 

Bu il tədbirdə ölkənin ən böyük turizm şirkətlərindən olan "Gabala Hospitality Group"u qonaqları Azərbaycanın qastronomik turizm destinasiyası olan füsunkar Qəbələ bölgəsinin kulinariya irsi ilə tanış edəcək. Qrupun aşpazları Elmar Əliyev və Rasim Nəcəfov ziyarətçilərə bölgənin dağ ətrini və zəngin dadlarını əks etdirən yeməkləri təqdim edəcək. Həmçinin yerli şərablar, müxtəlif milli məhsullar iştirakçılara təqdim olunacaq.

Ziyarətçilərə "Happy Day Cake" şirniyyat evinin hazırladığı paxlava və şəkərbura da təqdim olunacaq. 

Bununla yanaşı, tədbirdə iştirakçılar Azərbaycan xalqının qədim şirniyyat mədəniyyəti ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Festival 2016-cı ildən etibarən keçirilir. Bu il baş tutacaq festivalda 60-dan çox ölkə təmsil olunacaq.  

Tədbirə 40 000-dən artıq ziyarətçinin iştirakı gözlənilir.