Bakıda belçikalı bəstəkar Antoine Pierrenin master-klassı və mini konserti olub
- 29 oktyabr, 2025
- 16:35
Azərbaycan Milli Konservatoriyasında müasir Avropa cazının ən dinamik simalarından biri belçikalı barabançı, bəstəkar və ansambl rəhbəri Antoine Pierrenin master-klassı və mini konserti olub.
"Report"un məlumatına görə, master-klass və musiqi kompozisiyası 20-ci Bakı Caz Festivalı çərçivəsində həyata keçirilib.
Əvvəlcə barabançı musiqiyə həvəsinin yaranmasından və anasının ona dəstəyindən danışıb. Daha sonra iştirakçı tələbələrlə bir sıra kompozisiyaların quruluş məşqlərini edib.
Musiqiçi ifa etdiyi zaman həm də özünə kənardan qulaq asmağın vacib olduğunu vurğulayıb. Bəstəkar müəllifi olduğu musiqi nömrələrindən də ifa etdikdən sonra master-klass tələbələrlə diskussiya şəklində davam etdirilib.
Məlumat üçün qeyd edək ki, Antoine Pierre URBEX, URBEX Electric və Next.Ape kimi yenilikçi layihələrin müəllifidir. O bu layihələrdə müasir cazı rok, elektron və ambient ünsürlərlə birləşdirir. Onun yaradıcılığı mürəkkəb ritmlər, atmosferik səslər və ənənəvi cazın sərhədlərini aşan melodik ifadə ilə səciyyələnir.