Azərbaycanlı rejissorun filmi Venesiya Film Festivalında müsabiqədənkənar bölmədə nümayiş olunub
- 06 sentyabr, 2025
- 15:42

82-ci Venesiya Beynəlxalq Film Festivalının "Müsabiqədənkənar bədii filmlər" (Out of Competition Fiction) bölməsində tanınmış azərbaycanlı rejissor Hilal Baydarovun "Boşluğa xütbə" (Sermon to the Void) filminin təqdimatı olub.
Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə nümayiş olunan ekran əsəri mütəxəssislər və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Filmin nümayişindən sonra mətbuat konfransında Azərbaycan mədəniyyətindən və kino sənətindən söz açılıb.
Hilal Baydarovun "Xütbə" trilogiyasının sonuncu filmi olan "Boşluğa xütbə"nin ideya-estetik məziyyətləri yüksək qiymətləndirilib.
Qeyd edək ki, filmin ssenari müəllifləri Hilal Baydarov və Aysu Akcan, prodüseri Orxan Fikrətoğludur. Azərbaycan, Meksika və Türkiyə kinematoqrafçılarının ortaq işi olan filmdə əsas rolları Hüseyn Nəsirov, Məryəm Nağıyeva, Rəna Əsgərova, Elşən Abbasov, Orxan İsgəndərli oynayırlar.