Ankarada "Qardaşlığımız əbədidir" adlı konsert proqramı keçirilib

Mədəniyyət siyasəti
  • 24 dekabr, 2025
  • 23:19
Ankarada Qardaşlığımız əbədidir adlı konsert proqramı keçirilib

Türkiyənin paytaxtı Ankara şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə konsert proqramı təşkil olunub.

"Report"un Türkiyə bürosunun verdiyi məlumata görə, Ankaradakı səfirliyin nəzdində olan Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi, Şuşa Azərbaycan Evi və Hacı Bayram Vəli Universitetinin dəstəyi ilə keçirilən tədbir sözügedən ali təhsil ocağında keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov həmrəyliyin təkcə milli məna daşımadığını, eyni zamanda, bütün türk dünyasının birliyinə töhfə verən güclü amil olduğunu qeyd edib. O, Azərbaycanın zəngin mədəniyyəti və incəsənətinin Türkiyədə tanıdılması istiqamətində görülən işlər barədə danışıb.

Tədbirdə çıxış edən Hacı Bayram Vəli Universitetinin prorektoru Metin Orbay Türkiyə ilə Azərbaycan arasında mövcud olan qardaşlıq münasibətlərinin təhsil və mədəniyyət sahəsindəki əməkdaşlıqlar vasitəsilə daha da möhkəmləndiyini deyib.

Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Füzuli Məcidli çıxışında Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranma tarixinə və mahiyyətinə toxunub.

Azərbaycan və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solisti Fəxri Kazım Nicat, opera sənətçisi Fidan Hüseynova xalq mahnılarını ifa ediblər.

"Azərbaycan Rüzgarı" Muğam Poeziya Qrupu və "Zəngəzur" Azərbaycan Xalq Rəqsləri Ansamblının səhnə çıxışları maraqla qarşılanıb.

Son xəbərlər

Bütün Xəbər Lenti