"Yelo Bank" III rübü də mənfəətlə başa vurub
- 15 oktyabr, 2025
- 11:28

"Yelo Bank" ASC 2025-ci ilin 9 ayının maliyyə nəticələrini açıqlayıb.
Bankın mühüm maliyyə göstəricilərində pozitiv dinamika III rübdə də davam edib.
Bu il "Yelo Bank" 25 milyon manata yaxın mənfəət əldə edib. Xüsusi vurğulamaq lazımdır ki, həm əmanət, həm də kredit portfeli 1 milyard manatı keçib. Detallara nəzər yetirdikdə:
İlin əvvəlindən kredit portfeli 119 milyon manat, 12 %-dən çox artımla 1 milyard 53 milyon manatı keçib. Bankın, prioritetlərinə uyğun olaraq, biznes kreditlərinin həcmi ümumi kredit portfelinin tərkibində genişlənməkdə davam edib.
2025-ci ilin ilk 9 ayında sahibkarlara 474 milyon manat biznes krediti verilib. Nəticədə bu istiqamət üzrə portfel ilin əvvəlindən 59 milyon manat, 10 % artımla 646 milyon manatı ötüb.
Xüsusilə regionlarda mikro bizneslərin maliyyələşdirilməsi Bankın diqqət mərkəzindədir. Cari il ərzində mikro bizneslərə Bank 305 milyon manat vəsait ayırıb. Ümumilikdə il ərzində mikro biznes kredit portfeli 48,6 milyon manat, 14 % artıb, nəticədə rübün sonuna mikro biznes portfeli 395 milyon manat təşkil edib.
Eyni müddətdə 284 milyon manatdan çox istehlak krediti ayrılıb. Nəticədə istehlak kredit portfeli 407 milyon manatı ötüb, bu da ilin əvvəli ilə müqayisədə 60 milyon manat, yəni 17 %-dən çox artım deməkdir. Portfel artımının 40 %-i, eləcə də satışların 38 %-i məhz onlayn kanalların payına düşür.
Hesabat dövrü ərzində "Yelo Bank"ın əmanət portfeli də böyüyüb. Ümumi əmanət portfeli ötən ilin sonu ilə müqayisədə 111 milyon manat, 12 % artmaqla bu ilin üçüncü rübünün yekununda 1 milyard 40 milyon manat təşkil edib. Artımın mühüm hissəsinin fiziki şəxslərin əmanətləri hesabına baş verməsi Bankın məhsul və xidmətlərinin cəlbedici olduğunu göstərir.
Bankın kapital mövqeyi də güclənib: hesabat dövründə məcmu kapital 168 milyon manat təşkil edir, bu da ilin əvvəlindən 13 % çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 13,68 %, I dərəcəli kapitalın adekvatlıq əmsalı isə 9,93 % olmaqla, hər iki göstərici üzrə tələb olunan normanı üstələyir. Rübün sonuna Bankın aktivləri də 12 % artaraq 1 milyard 444 milyon manat təşkil edib. Faiz gəlirləri 130 milyon manatı, qeyri-faiz gəlirləri isə 11 milyon manatı ötüb.
"Yelo Bank"ın İdarə Heyətinin sədri Anar Həsənov dövrün göstəricilərini belə şərh edib: "2025-ci ilin 9 ayının nəticələri göstərir ki, Bank qarşıya qoyduğu strateji hədəflərə doğru inamla irəliləyir. Maliyyə göstəricilərimiz – kredit və əmanət portfellərinin hər ikisinin 1 milyard manatı aşması, kapital və aktivlərdəki artım planlarımızın uğurla reallaşdığını təsdiqləyir. Yeni strateji dövrün çağırışlarına uyğun olaraq, müştərilərimiz üçün əlavə dəyər və loyallıq yaradan bankçılıq mühitini formalaşdırmaqda davam edirik. Rəqəmsal həllərimiz maliyyə xidmətlərinə çıxışı asanlaşdırmaqla yanaşı, bizneslərin dayanıqlı böyüməsinə mühüm dəstək verir. Əldə olunan nəticələr isə təsadüfi deyil – bunlar peşəkar komandamızın əməyinin və müştərilərimizin bizə göstərdiyi etimadın bəhrəsidir. Qarşıdakı dövrdə də birlikdə daha böyük nailiyyətlərə imza atacağımıza əminik".
Bank xidmətləri (http://yelo.az/az/individuals/loans/) haqqında ətraflı məlumat almaq istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və yaxud Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
"Yelo Bank" – Parlaq bankçılıq!