TKBB: İslam maliyyəsinin rəqabət qabiliyyətinə ilk maneə idarəetmədir
- 07 oktyabr, 2025
- 15:44

İslam maliyyəsinin inkişaf edən bazarlarda rəqabət qabiliyyətinə ilk maneə idarəetmədir.
"Report" xəbər verir ki, bunu Türkiyə İştirakçı Banklar Birliyinin (TKBB) hüquq üzrə vəkili Furkan Yalçın Bakıda keçirilən II Azərbaycan Halal Biznes (AZHAB) Forumu çərçivəsində "İnkişaf etməkdə olan bazarlarda İslam maliyyəsi üçün rəqabətli mühitin yaradılması: müxtəlif regionların təcrübəsi və çıxarılan dərslər" mövzusunda panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, aydın və etibarlı şəriət standartları olmadan bazarlar parçalanmış qalır və investorlar tərəddüd edirlər: "Türkiyə 2018-ci ildə hüquqi cəhətdən məcburi olan Mərkəzi Şəriət Şurası yaradaraq bu problemi həll etdi. Bu addım bütün sektorda müəyyənlik, inam və bərabər şərait yaratdı. Digər çağırış miqyas və məhsul diversifikasiyası məsələsidir. Bir çox inkişaf edən bazarlar hələ də əsas pərakəndə məhsullarla məhdudlaşır. Türkiyə öz məhsul bazasını, xüsusilə də sukuk bazarında genişləndirdi və indi Səudiyyə Ərəbistanı və Malayziyadan sonra dünyada üçüncü yerdədir. Bu diversifikasiya həm yerli, həm də beynəlxalq investorları bu sahəyə cəlb etdi".
Qonaq hesab edir ki, xüsusilə kiçik və orta müəssisələr üçün maliyyə inklüzivliyi problemi mövcuddur: "Ənənəvi banklar tez-tez onlara kifayət qədər xidmət göstərmir. Türkiyədə iştirakçı bankların maliyyələşməsinin 43 %-i KOB-ların payına düşür, ənənəvi bankçılıqda isə bu rəqəm 27 %-dir. Bu cür diqqət inklüzivlik vasitəsilə rəqabət qabiliyyəti yaradır. Həmçinin bu gün rəqabət qabiliyyəti rəqəmsallaşma deməkdir. İnkişaf edən bazarlar tez-tez texnologiyada geridə qalır. Türkiyədə iştirakçı banklar hazırda 7,8 trilyon türk lirəsindən çox əməliyyat məbləği ilə təxminən 7 milyon aktiv rəqəmsal müştəriyə xidmət göstərir. Rəqəmsallaşma həmçinin xərcləri azaldır, əhatə dairəsini genişləndirir, bununla da İslam maliyyəsini ənənəvi oyunçularla müqayisədə rəqabətqabiliyyətli edir. Nəhayət, gələcək problem dayanıqlılıqdır. ESG və iqlimə bağlı məlumatların açıqlanması kimi beynəlxalq tənzimləyici tendensiyalar kapital axınları formalaşdıracaq".