"Regional" BOKT 1 milyon manatlıq istiqraz buraxır
- 03 sentyabr, 2025
- 09:36

"Regional" MMC bank olmayan kredit təşkilatı (BOKT) "Bakı Fond Birjası" QSC-də (BFB) 1 milyon manat dəyərində istiqraz yerləşdirməyə hazırlaşır.
"Report" xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazdan gedir.
Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 2 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 16 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "Xalq Kapital İnvestisiya Şirkəti" QSC -dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitent tədavül müddətində qiymətli kağızları nominal dəyərindən aşağı olmamaq şərti ilə geri almaq öhdəliyinə malikdir.
Xatırladaq ki, "Regional" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,1 milyon manatdır. BOKT-un təsisçiləri hər biri 33,3 % payla Əli Əliyev, Nahid Bəhramov və Nigar Tağıyevadır.