Qazaxıstanın sığorta bazarında aparılan islahatlar açıqlanıb
- 28 oktyabr, 2025
- 13:26
Hazırda Qazaxıstanda vahid sığorta bazasının dövlət orqanları ilə inteqrasiyası istiqamətində işlər aparılır.
"Report" xəbər verir ki, bunu Qazaxıstanın Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı üzrə Agentliyinin Sığorta Təşkilatlarının Təftiş Şöbəsinin müdiri Meruert Bayetova Bakıda keçirilən "Türk Dövlətləri InsurTech Sammiti 2025"də deyib.
Onun sözlərinə görə, artıq 38 dövlət qurumunun məlumat bazası ilə inteqrasiya təmin edilib ki, bu da sığorta məhsullarının daha səmərəli istifadəsinə və hesabatlılığın optimallaşdırılmasına şərait yaradır:
"Tənzimləyici orqan daimi əsasda hesabatlılığın təkmilləşdirilməsi və tarazlaşdırılmış risklərin qiymətləndirilməsi sistemi üzərində işləyir. Məqsəd - biznesə artıq yük yaratmadan riskləri düzgün dəyərləndirməkdir. Bu istiqamətdə biz öz daxili qiymətləndirmə sistemimizi tətbiq edirik", - deyə o bildirib.
M. Bayetovanın sözlərinə görə, bu sistem tam rəqəmsallaşdırılıb və avtomatlaşdırılıb: "Bu, sığorta təşkilatlarının maliyyə göstəricilərinin dərin təhlilinə, risk yönümlü yanaşmaya, resursların daha həssas risk sahələrinə yönəldilməsinə və operativ tənzimləyici qərarların qəbuluna imkan yaradır".
O bildirib ki, hazırda tənzimləyici qurumun əsas təşəbbüslərindən biri vətəndaşların daşınmaz əmlakının məcburi sığortası sisteminin yaradılmasıdır. Qazaxıstanın zəlzələlər, daşqınlar, sel və meşə yanğınları kimi təbii fəlakətlərə məruz qalması bu məsələnin aktuallığını artırır.
"Bu sistem Asiya İnkişaf Bankının dəstəyi ilə hazırlanır. Layihə hazırda müzakirə mərhələsindədir və yüksək təbii fəlakət riski olan regionlar üçün məcburi olacaq", - M.Bayetova qeyd edib.
O əlavə edib ki, bununla yanaşı, tənzimləyici qarşısında "Bonus-Malus" sisteminin təkmilləşdirilməsi vəzifəsi də dayanır.
"Qazaxıstan sığorta bazarının inkişaf meyillərindən biri həyat sığortası məhsullarının genişləndirilməsidir. Tənzimləyici orqan əmək şəraiti zərərli olan işçilər üçün sosial ödənişlərin tətbiqi istiqamətində mühüm addımlar atıb. Bununla yanaşı, dəyişdirilmiş sığorta növləri də fəal şəkildə inkişaf etdirilir.
Hazırda notariusların, vəkillərin, özəl məhkəmə icraçılarının və hüquqi məsləhətçilərin peşə məsuliyyətinin sığortalanması istiqamətində işlər aparılır və bu məqsədlə vahid sığorta hovuzları yaradılıb. Bu hovuzların yaradılmasında məqsəd sığorta risklərinin yenidən bölüşdürülməsi və bazarın tutumunun artırılmasıdır", - M. Bayetova bildirib.
O əlavə edib ki, Qazaxıstanda artıq iki belə hovuz fəaliyyət göstərir - tibbi işçilərin peşə məsuliyyətinin sığortalanması və müəssisə işçilərinin məcburi sığortası üzrə hovuzlar.
"Eyni zamanda, sığorta zəmanəti növləri mərhələli şəkildə genişləndirilir. Tənzimləyici orqan sığorta məhsullarının inkişafı istiqamətində də böyük işlər görüb. Son yeni məhsullardan biri - təqaüdəqədər annuitet sığortasıdır. Sığorta Ödənişlərinin Zəmanət Fondu bazasında aktuariyalar üçün minimum proqram üzrə onlayn təlim sistemi yaradılıb.
Eyni zamanda, həmin Fondun bazasında bütün sığorta təşkilatlarının, məhsul və xidmətlərinin məlumatlarını birləşdirən vahid məlumat aqreqatoru hazırlanıb. Bu platforma vətəndaşlara sığorta məhsullarını müqayisə edib özləri üçün ən uyğun variantı seçməyə imkan yaradır.
Bundan başqa, rəqəmsal sığorta brokerlərinin inkişafı istiqamətində təşəbbüslər həyata keçirilir. Məqsəd - əhalinin daha geniş təbəqəsini sığorta ilə əhatə etmək və sığortaya olan inamı artırmaqdır", - M. Bayetova qeyd edib.
Rəqəmsal transformasiyaya gəldikdə isə, o bildirib ki, Qazaxıstanda artıq sığorta müqavilələri onlayn bağlanır, həmçinin itkilərin onlayn tənzimlənməsi mümkündür: "İlk rəqəmsal məhsul "Avroprotokol" adlanır. Bu sistem hadisə barədə müraciətin baxılmasını və ödənişin 5-6 iş günü ərzində həyata keçirilməsini təmin edir. Bu məhsul tətbiq edilməzdən əvvəl proses 1-2 ay çəkirdi.
Bundan əlavə, vahid sığorta məlumat bazası əsasında avtomobil sahiblərinin mülki məsuliyyətinin məcburi sığortası üzrə fərdi tarifləşmə sistemi də tətbiq olunub".
Hazırda Qazaxıstan sığorta bazarında 25 sığorta şirkəti fəaliyyət göstərir, onlardan 10-u həyat sığortası sahəsində ixtisaslaşıb. Bundan əlavə, tənzimləyici orqanın lisenziyası əsasında 13 sığorta brokeri və 68 aktuari çalışır.
Ölkədə 2003-cü ildən Sığorta Ödənişlərinin Zəmanət Fondu fəaliyyət göstərir. 2008-ci ildən isə Sığorta Ombudsmanı institutu və vahid sığorta məlumat bazası tətbiq olunub. Qazaxıstan Aktuarilər Cəmiyyəti 2014-cü ildən Beynəlxalq Aktuarilər Assosiasiyasının tamhüquqlu üzvüdür.