İqtisadiyyat naziri: "Vergi daxilolmalarının artımında əsas pay qeyri-neft sektorunundur"

Maliyyə
  • 04 noyabr, 2025
  • 12:25
İqtisadiyyat naziri: Vergi daxilolmalarının artımında əsas pay qeyri-neft sektorunundur

Azərbaycanın özəl sektorunun qeyri-neft-qaz vergi daxilolmalarındakı payı 77 %-i ötüb.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Nazirin sözlərinə görə, bu ilin ilk 9 ayında qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə vergi daxilolmaları 10 %-dən çox artıb, bu sahədə özəl sektorun payı 77 %-i keçib:

"Xüsusilə diqqətəlayiq məqam odur ki, biz ümumi iqtisadi inkişafı qeyri-neft sektorunun hesabına təmin etməklə yanaşı, vergi daxilolmalarında və fiskal yükün artımında da əsas mənbə kimi məhz bu sektora əsaslanırıq. Bu, gələcək iqtisadi siyasətin formalaşdırılmasında nəzərə alınmalı olan mühüm amillərdəndir".

M. Cabbarov əlavə edib ki, vergi daxilolmaları ilə yanaşı, sosial sığorta yığımlarında da yüksək artım tempi müşahidə olunur:

"Cari ilin 9 ayında yalnız məcburi dövlət sosial sığortası üzrə daxilolmalar proqnozun 107,6 %-i səviyyəsində icra edilərək 4,7 milyard manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12 % artım deməkdir".

Nazir qeyd edib ki, əldə olunan iqtisadi və fiskal nəticələrdə İqtisadiyyat Nazirliyi də öz töhfəsini verməkdə davam edir.

Son xəbərlər

Bütün Xəbər Lenti