Naxçıvanda büdcənin gəlirləri proqnozu 33 % üstələyib

Maliyyə
  • 08 sentyabr, 2025
  • 15:46
Naxçıvanda büdcənin gəlirləri proqnozu 33 % üstələyib

Bu ilin yanvar–avqust aylarında Naxçıvan Muxtar Respublikasında büdcənin gəlirləri üzrə 136,5 milyon manat proqnoza qarşı 180,9 milyon manat faktiki daxilolma qeydə alınıb.

"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti bu barədə  məlumat yayıb.

Bildirilib ki, bu proqnoza qarşı 44,4 milyon manat və ya 32,5 % çoxdur.

Daxilolmaların 91,7 %-i və ya 165,9 milyon manatı vergi daxilolmalarının, 6,68 %-i və ya 12,1 milyon manatı gömrük orqanlarının, 0,89 %-i və ya 1,6 milyon manatı büdcə təşkilatlarının ödənişli xidmətlərinin, 0,73 %-i və ya 1,3 milyon manatı isə digər daxilolmaların payına düşüb.

Vergi daxilolmalarında əlavə dəyər vergisi 121 %, aksiz vergisi 153 %, fiziki şəxslərin gəlir vergisi 115 %, hüquqi şəxslərin mənfəət vergisi isə 126 % icra olunub.

Azərbaycanın  dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına ayrılmış dotasiya üzrə 167,6 milyon manatlıq plana qarşı 120 milyon manat vəsait icra olunub. Plan göstəricisindən 28,4 % azalma muxtar respublikanın daxili maliyyə imkanlarının genişləndiyini göstərir.

Büdcə xərcləri üzrə 310,9 milyon manatlıq plana qarşı 276,9 milyon manat vəsait icra edilib, icra səviyyəsi 89 % təşkil edib. Əməyin ödənişi üzrə xərclər 99 % (202 milyon manat), sosial ödənişlər 77 % (3 milyon manat), subsidiyalar və qrantlar 83 % (15 milyon manat), satınalmalar 73 % (30 milyon manat), qeyri-maliyyə aktivləri isə 62 % (26 milyon manat) icra olunub.

Funksional bölmələr üzrə göstəricilərə nəzər saldıqda, "Sosial müdafiə və sosial təminat" xərcləri tam – 100 % icra edilərək 6 milyon manat, "Təhsil" bölməsi üzrə 97 % icra göstəricisi ilə 99 milyon manat, "Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq" üzrə isə 96 % icra ilə 54 milyon manat xərclənib. "Ümumi dövlət xidmətləri" üçün ayrılmış vəsaitlərin 91 %-i (45 milyon manat), "Mədəniyyət, incəsənət və digər" bölməsi üzrə isə 91 % (16 milyon manat) icra olunub.

Ümumilikdə, bu ilin yanvar–avqust aylarında büdcə gəlirlərində artım müşahidə olunub, sosial öhdəliklərin icrası isə tam təmin edilib.

Qeyd edilib ki, son üç ildə Naxçıvan Muxtar Respublikasında fiskal dayanıqlığın artırılması istiqamətində islahatlar aparılıb, dövlət büdcəsindən ayrılan dotasiyanın həcmi əhəmiyyətli dərəcədə azalıb. Hazırda büdcə xərclərinin 57 %-i daxili gəlirlər hesabına maliyyələşdirilir. Növbəti dövrlərdə də fiskal siyasətin təkmilləşdirilməsi, rəqəmsal texnologiyaların tətbiqi və səmərəli icra-nəzarət mexanizmlərinin yaradılması əsas prioritet olaraq qalacaq.